10-11 iyul tarixində Mərakeşin Rabat şəhərində yerləşən İSESCO-nun baş qərargahında İSESCO, ALECSO, ABEGS təşkilatlarının milli komissiyalarının koordinasiya görüşü keçirilib.
12-13 iyul tarixində isə həmin təşkilatların 4-cü beynəlxalq forumu keçiriləcək. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə təmsil edir.
Toplantıların keçirilməsində məqsəd təşkilatlara üzv olan ölkələr arasında əlaqələrin və koordinasiyanın gücləndirilməsi və hər üç təşkilatın fəaliyyətinin UNESCO-nun 2018-2021-ci illər üzrə Proqramı ilə uzlaşdırılmasından ibarətdir.
Açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri hər üç təşkilatın və üzv dövlətlərin dünyanın digər beynəlxalq qurumlarında vahid mövqedən çıxış etməsinin, müsəlman dünyasının maraqlarının müdafiə olunmasının, islam irsinin dünyanın müxtəlif bölgələrində dağıdılmasının qarşısının alınması üçün birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə də toxunaraq müsəlman ölkələrini Qarabağda baş verənlərə səssiz qalmamağa çağırıb.
Digər beynəlxalq təşkilatların nümayəndələri də islam dünyasını təmsil edən və birləşdirən təşkilatların fəaliyyətlərinin əlaqələndirməsinin əhəmiyyətini vurğulayıblar.
Sonra UNESCO-nun 39-cu Baş konfransında təsdiq olunması gözlənilən “UNESCO-nun 2018-2021-ci illər üçün Proqramı”, həmçinin “Ərəb və Avropa milli komissiyalarının ekstremizmin qarşısının alınması üçün birgə mexanizm və layihələrin hazırlanması” ilə bağlı işçi sessiyalar keçirilib. Sessiyalarda bu mövzularda İSESCO, ALECSO və ABEGS təşkilatlarının layihələri və fəaliyyət planları təqdim edilib.
İclasda çıxış edən Vasif Eyvazzadə bu ilin 4-6 may tarixində Bakıda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, İSESCO və Avropa Şurasının tərəfdaşlığı ilə keçirilmiş 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə gerçəkləşən tədbirlər, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi keçirilmiş Beynəlxalq Təşkilatların 1-ci Yüksək Səviyyəli Görüşü, habelə Azərbaycanın beynəlxalq qurumlar arasında əməkdaşlığın inkişafında təcrübəsi barədə iştirakçılara məlumat verib.
Müzakirələr zamanı V.Eyvazzadə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mədəni-tarixi abidələrin məhv edildiyini, islam irsinə aid nümunələrin dağıdıldığı və saxtalaşdırıldığını nəzərə alaraq hər üç təşkilatın birgə hazırlayacağı sənədlərdə islam irsinə aid tarixi abidələrin qorunması məsələsinin xüsusilə qeyd edilməsinin vacibliyini bildirib.