İyulun 7-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, səfirliyin mədəniyyət üzrə müşaviri Georgi Loria və Şota Rustaveli Teatrının direktoru Georgi Tevzadzedən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə ikitərəfli mədəni əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun fəaliyyətinin perspektivləri müzakirə edilib.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümündən danışan işçi qrupun həmsədri Sevda Məmmədəliyeva xalqlarımız arasında dostluq və mehriban qonşuluq dəyərlərinin əsrlər boyu mövcud olduğunu qeyd edib. Sonra 25-ci ildönümü münasibətilə nəzərdə tutulan mədəniyyət tədbirləri ətrafında müzakirə aparılıb.
Görüşdə Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü əsasında UNESCO-nun yubileylər proqramına daxil edilmiş Cənubi-Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı tədbirlər planı da nəzərdən keçirilib. Bildirilib ki, bu münasibətlə 19 sentyabr tarixində Parisdə, UNESCO-nun baş qərargahında Azərbaycan, Gürcüstan və Almaniyanın dəstəyi ilə xüsusi tədbirin keçirilməsi nəzərdə tutulur.
Söhbət əsnasında Şota Rustaveli Teatrının direktoru George Tevzadze ötən illərdə Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq çərçivəsində reallaşan tamaşaları xatırladaraq rəhbərlik etdiyi teatrın Azərbaycan səhnəsində yeni tamaşalar təqdim edə biləcəyindən danışıb.
Ölkələrimiz arasında mədəniyyət sahəsində mövcud əlaqələrin inkişafından məmnunluq ifadə edən qonaqlar səmimi qəbula görə təşəkkürlərini bildiriblər.