Quba şəhərindəki “Yaşıl teatr”da “Dostluq körpüsü” adlı Uşaqların və gənclərin II Beynəlxalq folklor-rəqs festivalı keçirilib. Festivalda Azərbaycan, İsrail, Rusiya (Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya respublikaları), İran, Moldova, Gürcüstan və Latviya nümayəndələri iştirak edib.
Konsert proqramından əvvəl festival iştirakçıları ilə rayon İcra Hakimiyyətində görüş təşkil olunub. Qonaqlara rayon haqqında ətraflı məlumat verilib və xatirə hədiyyələri təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan festivala müxtəlif rəqs qruplarının və kollektivlərin tərkibində, ümumilikdə 700 nəfərdən çox iştirakçı qatılıb. Onlardan 576-sı qonaq, 130-u isə yerli iştirakçıdır.
Tədbirdə məlumat verilib ki, rayon Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər.
Artıq ikinci ildir keçirilən rəqs və folklor bayramı rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.
“Dostluq körpüsü” adlı Uşaqların və gənclərin II Beynəlxalq folklor-rəqs festivalının ilk təqdimatı iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.
Festival iştirakçılarının daha bir konserti isə iyulun 11-də Bakı şəhərində təşkil olunub.