Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən bəhs edən kitabların təqdimatı
İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin təşkilatçılığı ilə Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, mərhum polkovnik Sadiq Zeynaloğlunun “Tarixin qan yaddaşı” və “Onları Vətəndən məhrum ediblər” kitablarının təqdimatı keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək kitabların əhəmiyyətindən danışıb. Bildirilib ki, arxiv sənədləri əsasında yazılan “Tarixin qan yaddaşı” sənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Xalq Daxili İşlər Komissarlığının (XDİK) Orbelyan soyadlı əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda və ölkəmizin digər bölgələrində repressiya olunanların və Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.
Qeyd olunub ki, “Onları Vətəndən məhrum ediblər” kitabı “Tarixin qan yaddaşı” silsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin - Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin və bir qərarla doğma yurdunda “vətən düşməni”nə çevrilmiş bir çox günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.
“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva bildirib ki, bu kitablarda bəhs edilənlər Azərbaycan xalqının başına gətirilən faciələrin bir hissəsidir. Belə nəşrlərin işıq üzü görməsi milli yaddaşımızın itməməsi baxımından olduqca vacibdir.
“Kitab arxiv sənədləri əsasında yazılıb. Bəhs olunan faktlar son 200 ildə davam edən, indinin özündə də ardı-arası kəsilməyən belə hadisələr ermənilərin apardığı mənfur siyasətin nəticəsidir. Kitabların müəllifi Sadiq Zeynaloğlunun və bu nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsində xidməti olan Mehdi Məmmədovun ailələri repressiyadan əziyyət çəkib. Bu faciələri, repressiyaları həyata keçirənlər ermənilər olub, ümumiyyətlə, bu proseslərin kökündə erməni siyasəti dayanır. İyulun 4-də dinc sakinlərimizin vəhşicəsinə öldürülməsi bir daha göstərdi ki, ermənilər öz mənfur siyasətlərini hər zaman olduğu kimi yenə də davam etdirməkdə israrlıdırlar. İnsanın yaddaşı pozula bilər, ancaq tarixin yaddaşı heç zaman pozulmayacaq. Sadiq Zeynaloğlu Naxçıvanda daxili işlər naziri işlədiyi illərdə bütün arxiv sənədlərini qoruyub saxladığı üçün bu gün biz bu faktları reallığı ilə görə bilirik. Bu kitablarda yer alan faktlar müəllifin əziyyətinin və vətənpərvərliyinin bariz nümunəsidir”, - deyə S.Vəliyeva söyləyib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabların əhəmiyyətindən danışıb. Bildirilib ki, nəşrlər tariximizin müstəqilliyə gətirən yollarını yenidən öyrənməklə yanaşı, onları təhlil etmək üçün elmi mənbə kimi istifadə edilə bilər: “Kitabların əhəmiyyəti ondan ibarətdir ki, repressiyalardan əziyyət çəkən çoxsaylı həmvətənlərimizi həm tanıyırıq, həm də uzun müddət səs-sorağı olmayan qurbanlardan xəbər tuturuq. Mənim boya-başa çatdığım doğma kənddən də iki ailə repressiya qurbanı olub. Onların da adı kitabdakı siyahıda yer alıb. Kitab tarixi faktlara güzgü tutur, başımıza gələn hadisələrdən nəticə çıxarmağa çağırır, haqqı və ədaləti ortaya qoyur. Bu kitablar tarixi hadisələri yeni nəsillərə daşıyan çox əhəmiyyətli mənbədir”.
Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, tarixçi-alim, millət vəkili Musa Qasımlı hər iki kitabın tariximizi öyrənmək və təhlil etmək baxımından əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirdə nəşrlərin ideya rəhbəri və sifarişçisi Mehdi Məmmədova “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin diplomu təqdim olunub. Hər iki kitabı rus dilindən Elxan Zal Qaraxanlı tərcümə edib.