“Turan” beynəlxalq sərgisində 50-dək əsər nümayiş olunur
İyulun 7-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan, Türkiyə və Qazaxıstan rəssamlarının əsərlərindən ibarət “Turan” beynəlxalq rəsm sərgisinin açılışı oldu. Sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyidir.
ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək üç türk ölkəsi rəssamlarının sərgisini əlamətdar hadisə kimi dəyərləndirdi, fırça ustalarının eyni mədəniyyəti təmsil etdiklərini bildirdi. A.İbrahimov əsərləri sərgilənən rəssamlara gələcək işlərində uğurlar dilədi.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral türk dünyası incəsənət xadimlərini bir araya gətirən bu sərginin ayrıca önəm daşıdığını bildirdi. O, belə tədbirlərin türk birliyinə xidmət etdiyini söylədi.
Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçisi İlqar Əkbərov gələn qonaqlara sayğısını ifadə etdi. O, əsərləri sərgilənən rəssamlarla birgə bir neçə layihədə iştirak etdiklərini, belə tədbirlərin davamlı olacağını dedi.
Sonra iştirakçı rəssamlara ARİ tərəfindən diplom və hədiyyələr təqdim edildi.
Sərgidə Qazaxıstandan Olqa Eren, Rufina Şaripova, Türkiyədən Nevin Aytekin, Keder Damla, İşıl Kesim, Nurullah Aydın, Azərbaycandan Ülviyyə Həmzəyeva, Nailə Sultan və İlqar Əkbərovun rəngkarlıq, keramika sahəsində yaratdıqları 50-dək əsər nümayiş olunur. Əsərlər türk xalqlarının etnoqrafiyası və folkloruna həsr edilib.
Sərgi ayın 13-dək davam edəcək.
S.Qaliboğlu