Qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin zamansızlığa qovuşmuş nümunələri arasında ağacoyma sahəsində yaradılan nümunələr də kifayət qədərdir. Milli dekorativ-tətbiqi sənətimizdə xüsusi yer tutan ağacoymanın inkişafı da digər növlər kimi bilavasitə məişətimizlə bağlı olmuşdur. Odur ki, müxtəlif ağacoyma nümunələri peşəkar sənətkarların ustalığı və estetik duyumu ilə yanaşı, özünün zaman-zaman təkmilləşən görkəmində, cilalanan naxış örtüyündə dövrün ruhunu və tələbatını yaşatmaqdadır. 
   Bizim dövrə gəlib çatmış şəbəkə-pəncərələr, qapılar, sütunlar, minbərlər, kürsülər, mizlər, mücrülər, beşiklər, şərbət qaşıqları, sandıq və sənduqələr, rəhillər və onlarla digər əşyalar azərbaycanlı sənətkarların oyma üslubunda hazırladıqları nümunələrin natamam siyahısıdır. Bura XVIII-XIX əsrlərdə müxtəlif ağac növlərindən böyük məharətlə hazırlanmış və üzəri sədəflə bəzədilmiş musiqi alətlərini də aid etmək olar. 
   Bu gün incəsənət tariximiz ömrünü ağacoyma sənətinə həsr etmiş onlarla sənətkarın adını yaşadır. Qədim ənənələrə malik olan bədii ağacoyma sənətini hazırda respublikanın Şəki, Bakı, Naxçıvan və başqa şəhərlərində yaşayan neçə-neçə mahir usta yaşadır. Ağacoymanın bədii-texniki ənənəsini bizim günlərdə yaşatmaq nə qədər çətin olsa da, müasirlərimiz arasında “El sənəti - el şöhrəti” deyimi də var. Çağımızda ağacoymanı yeniliklərlə zənginləşdirən sənətkarlardan biri də Seyfəddin Mənsimoğludur.
   Sənətkarın 1981-ci ildən başlanan və bu günə kimi davam edən ağacoyma yaradıcılığı bədii-texniki novatorluğu ilə diqqət çəkir. Onun ərsəyə gətirdikləri ağacoyma sənətinin bədii-texniki ifadə imkanlarını kifayət qədər genişləndirməyin mümkünlüyünü sərgiləyən nümunələrdir. 
   Özündə əsasən ağacoyma ilə xəttatlığı birləşdirən bu nümunələr unikallığı birmənalı olan əsl sənət möcüzələridir. Belə ki, tarixi şəxsiyyətlərə həsr olunmuş bu kompozisiyalarda bədii cəhət və icra sənətkarlığı o qədər yüksəkdir ki, onları adları həkk olunmuş böyük dühaların yaşadıqları uzaq keçmişin də, bu günün də yaradıcı təxəyyülünün məhsulu hesab etmək olar. 
   Onun XVI əsrin görkəmli miniatürçü rəssamı Sultan Məhəmmədə, Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəviyə, Xaqani Şirvaniyə, Məhsəti Gəncəviyə, İmadəddin Nəsimi və Məhəmməd Füzuliyə, eləcə də müdriklər müdriki Dədə Qorqud, Nəsirəddin Tusi, Üzeyir Hacıbəyli, Əlişir Nəvai, Babur şah, Mirzə Cəlil, Hüseyn Cavid, Aşıq Qurbani, Şəms Təbrizi, Cəlaləddin Rumi və Şah İsmayıl Xətaiyə həsr etdiyi ağac lövhələr yüksək sənətkarlığı ilə diqqəti çəkir. Bu əsərlərdə görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda onların yaradıcılıq aləmi ilə səsləşən elementlər və rəmzlər də verilir ki, bu da oyma nümunəsini daha da dolğunlaşdırır.
   Bu mənada kompozisiyalara onları mənalandıran qopuz və epos qəhrəmanları təsvirinin (“Dədə Qorqud”), ud və portretin (“Məhsəti Gəncəvi”), ad, obraz və heyvan təsvirlərinin (“Məhəmməd Füzuli”), bayatı və memarlıq tikilisinin (“Əcəmi Naxçıvani”), portretin və ney çalan musiqiçinin (“Cəlaləddin Rumi”), vərəq, qılınc və qələmin (“Şah İsmayıl Xətai”), günbəzvarı forma və yazının (“Sultan Məhəmməd”) və s. daxil edilməsini xüsusi vurğulamaq lazımdır.
   Bu məsələdə sənətkarın rəssamlıq təhsili alması onun çox köməyinə çatmışdır. Mübaliğəsiz demək olar ki, təsvirlə yazının qovşağı olan bu işlər heyrətamiz zərifliyi, gözoxşayan axıcı ritmi, özünəməxsus ifadə tərzi ilə seçilir. 
   Ağacoyma sahəsində yaradıcılığa dini kəlamın yazılışı ilə başlayan S.Mənsimoğlu bütün yaradıcılığı boyu dəfələrlə “Qurani-Kərim”dən götürülmüş müqəddəs kəlamlara bədii görüntü vermişdir. Qəlbinin çağırışı ilə həm də müqəddəs Həcc ziyarətində olan ustadın “Bismillahir-rəhmanir-rəhim” (altı əsər), “Allah” (altı əsər), “Məhəmməd (s.ə.s.) Allahın rəsuludur”, “Qurani-Kərim”dən ayələr” (dörd əsər), “İxlas surəsi” və s. əsərləri dini mövzuda işlənilmişdir. Etiraf edək ki, ustad məhz dini məzmunlu işlərində kəlamların tutumuna müvafiq qeyri-adi, şaşırdıcı incəlik sərgiləməyə nail olmuşdur.
   Sənətkarın hazırladığı bir neçə rəhil isə ilk növbədə, konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə göz oxşayır. Rəhillərin birinin üzərinə kitab qoyulanda çevrəvarı konstruksiya sayəsində ağırlıqdan istiqaməti aşağıya doğru dəyişir və nəticədə onun maili vəziyyət almasına görə masa arxasında oturmaqla da kitabı oxumaq olur. Seyfəddin ustanın hazırladığı belə rəhillərdən biri hazırda Berlin İslam Muzeyinin Azərbaycan bölməsində, digəri isə Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır. 
   S.Mənsimoğlu yaradıcılığında, demək olar ki, əksər ağac növlərini (qoz, qırmızı ağac, fıstıq və s.) “sınağa” çəkmişdir. Onu da qeyd edək ki, ağaclarda maddiləşən bu ecazkar yazıların kağız üzərində ilkin nümunələrinin yaranmasında tanınmış xəttat Müzafəddin Əzizov Seyfəddin ustaya yardımçı olmuşdur.
   Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkarın yaradıcılığı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, dəfələrlə müxtəlif müsabiqələrin qalibi olmuş, əsərləri sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Əsərləri Bakı, İstanbul, Berlin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. 
   
   Samir Sadıqov
   sənətşünaslıq üzrə fəlsəfə doktoru