Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid elmi dövriyyəyə “II Tovuzçay məzarlığı” adı ilə daxil olan abidədə arxeoloji qazıntılar aparıb.
İnstitutdan bildiriblər ki, eramızdan əvvəl II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar magistral qaz kəmərinin genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri layihəsi çərçivəsində həyata keçirilir.
Arxeoloji qazıntılar zamanı torpaq qəbirlərdə dəfn edilən insan skeletləri ilə yanaşı, saxsı qablar, silah nümunələri, yerli, eləcə də Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları tapılıb. Ən maraqlı tapıntılardan kişiyə məxsus bir qəbirdə, skeletin bel hissəsində aşkar edilən tunc kəməri və onunla birgə dəmir xəncəri xüsusilə qeyd etmək lazımdır. Bu tapıntılar dəfn edilənin döyüşçü, yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Qadın qəbrində isə çoxsaylı bəzək əşyaları - müxtəlif minerallardan hazırlanan muncuqlar və s. aşkar olunub.