“British Council” təsviri incəsənət sahəsində yeni layihə təqdim edir
“British Council” (Britaniya Şurası) təşkilatının Azərbaycan nümayəndəliyi “CoolConnections” şirkəti və “Park Cinema” ilə əməkdaşlıq şəraitində “Ekranda sərgi” layihəsinə start verir. Layihə 2017-ci ilin iyulundan başlayaraq dünyanın müxtəlif qalereyalarının məşhur incəsənət sərgilərini yüksək keyfiyyətlə Azərbaycan ekranlarına gətirəcək.
İncəsənətlə bağlı sənədli filmlərinə görə müxtəlif mükafatlara layiq görülmüş britaniyalı rejissor Fil Qrabskinin ərsəyə gətirdiyi “Ekranda sərgi”də tamaşaçılara dünyanın ən görkəmli sənət incilərini böyük ekranda və yüksək keyfiyyətdə izləmək fürsəti qazandırır. Dünyanın böyük incəsənət sərgilərində, muzey və qalereyalarda lentə alınmış bu yenilikçi film sənətsevərlərə dahi rəssamların əsərlərindən zövq almaq imkanı verir. Filmlər indiyədək 50-dən çox ölkədə kinoteatrlarda nümayiş olunub və 1 milyondan artıq bilet satılıb.
Layihə çərçivəsində Bakıda yeddi tammetrajlı sənədli film nümayiş olunacaq. Mövsümün açılış filmi “Bağçalar rəsmlərdə: Monedən Matissə qədər” olacaq. Film 16 iyul tarixində saat 13:00-da “Alov Qüllələri”ndə yerləşən "Park Cinema" kinoteatrlarında göstəriləcək. Film izləyiciləri Klod Monenin müasirlərinin ekspressiv motivləri, abstrakt rəngləri, dekorativ dizaynı və utopik ideyaları araşdırmaq üçün yaratdığı heyrətamiz bağların seyrinə çıxmaq üçün möcüzəli bir səyahətə aparır.
Biletləri onlayn şəkildə, eləcə də “Park Bulvar” və “Alov Qüllələri”nin kassalarında əldə etmək mümkündür.
Lalə Azəri