Oğuz türklərinin böyük abidəsi olan “Dədə Qorqud kitabı” Azərbaycanda uzun müddət rəssamların və heykəltəraşların diqqətindən qıraqda qalıb. Bunun da başlıca səbəbi Azərbaycanda peşəkar rəssamlıq və heykəltəraşlıq sənətinin əsaslı şəkildə XX yüzilin başlanğıcında təşəkkül tapmasıdır. 1906-cı ildə ilk satira-karikatura dərgimiz “Molla Nəsrəddin”in nəşri ilə peşəkar rəssamlıq sənətimiz də formalaşmağa başladı. 1920-ci illərdə Bakıda Dövlət Rəssamlıq Məktəbi yaradıldı, burada milli rəssam kadrlar yetişdi. Rəssamlarımız xalq həyatının müxtəlif yönlərinə aid əsərlər yaratdılar.
“Dədə Qorqud” dastanı qəhrəmanlarının rəssam fırçasında obrazlaşdırılması və bədiiləşdirilməsi isə 1956-cı ildə baş verib. O çağlar gənc rəssam Mikayıl Abdullayev Dədə Qorqud obrazının yaradılması yönündə ilk addımı atdı. Bundan başqa o, dastanın ayrı-ayrı boylarına rəsmlər çəkdi. Ayrı-ayrı illərdə nəşr olunan “Dədə Qorqud kitabı”nda onun rəsmlərindən istifadə edilib.
Ondan sonra Dədə Qorqud mövzusunda daha çox əsər çəkən rəssam Fəxrəddin Məmmədvəliyev olub. O, bu mövzuda bəlkə də bütün rəssamlardan daha çox əsər yaradıb. F.Məmmədvəliyevin “Gəlimli-gedimli dünya”, “Dədə Qorqudun elçiliyə getməsi”, “Oğuz elində şadlıq mərasimi”, “Təpəgözün dünyaya gəlməsi”, “Qazan xanın evinin yağmalanması” miniatürlərində çox güclü bədii ifadə var. Rəssam Dədə Qorqud mövzusuna aid 11 qrafik rəsm və kətan üzərində yağlı boya ilə 6 tablo işləyib. İstanbulda nəşr olunan “Türk dünyası” dərgisinin 1996-cı il dekabr sayında rəssamın həmin tablolarının fotosu çap edilib. Rəssamın bu mövzuda əsərlərinə Dədə Qorqudla bağlı bir çox kitabların səhifələrində tez-tez rast gəlmək mümkündür.
2000-ci ildə Azərbaycanda “Dədə Qorqud kitabı”nın 1300 ili keçirildi. Bu münasibətlə Azərbaycanda Dədə Qorqudun obrazının yaradılması üçün müsabiqə elan edildi. Məqsəd çəkilən əsərlər içərisindən birini Dədə Qorqudun obrazı olaraq qəbul etmək idi. Yarışmanın jürisi bir neçə dəfə toplansa da, sonda bir nəticəyə gələ bilmədi. Ona görə ki, yarışmaya bir-birindən dəyərli əsərlər təqdim edilmişdi. Münsiflər də həmin əsərlərdən hansının birinci olmasına qərar vermədi və bu məsələ açıq qaldı. Odur ki, bu gün Azərbaycan rəssamlığında Dədə Qorqudun vahid obrazı yoxdur. Hər rəssamın öz təxəyyülü ilə yaratdığı və qəbul etdiyi Dədə Qorqud var.
Xalq rəssamı Altay Hacıyevin “Dədə Qorqud” əsəri bu mövzuda yaradılan ən uğurlu işlər sırasındadır. Onun əsəri həm rəssamların, həm də tamaşaçıların rəğbətini qazanıb. Rəssam Dədəni çox düşüncəli və qayğılı çəkib. O, bir qayaya söykənib, sevimli qopuzu da üstündədir. Olsun ki, A.Hacıyevin “Dədə Qorqud”unu xalqa sevdirən obrazın baxışlarındakı dərin kədərdir. Kədərlilik Dədəyə çox uyğundur.
Əməkdar rəssam Asif Azərellinin yaratdığı “Dədə Qorqud” əsəri də çox uğurludur. Rəssam burada Qorqudu təbiət qoynunda təsvir edib. O, daşların üstündə oturub uzaqlara baxır. Onun da baxışlarında qayğı və kədər var. Üzü işıqlı, çəkicidir, səmimi və düşündürücüdür.
Dəyərli miniatür rəssamı Fəxrəddin Əlinin bu mövzuda maraqlı əl işləri var, dastanın boyları ilə bağlı 20-dən çox əsər yaradıb.
Əməkdar rəssam Sakit Məmmədov 2000-ci ildə Dədə Qorqud mövzusunda kətan üzərində yağlı boya ilə iki əsər yaradıb. Birinci əsərdə Dədə Qorqud tək təsvir olunub. İkinci əsərdə Dədə Qorqudu oğuzlar arasında ocaq başında görürük. O, qopuz çalır, yörədəkilər isə onu dinləyirlər. Rəssamın hər iki əsəri Türkiyədə özəl kolleksiyadadır.
Daha bir rəssam Bayram Qasımxanlı Dədə Qorqudu öz duyumunda bizə tanıdıb. Onun Qorqudu bir başqa biçimdədir. O da Dədəmizi təbiət qoynunda əlində qopuzla təsvir edib. İlk dəfə olaraq bu əsərdə Qorqudu saçları tökülmüş durumda görürük. Bundan başqa, B.Qasımxanlının Dədə Qorqudla bağlı üç qrafik əsəri var: “Baba yurdu müqəddəs əmanətdir”, “Dədə Qorqud-1300”, “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”.
Dədə Qorqud obrazı rəssam Arif Mərdanın da diqqətindən yayınmayıb, bu mövzuda iki əsər yaradıb. Onun bütünlüklə fərqli bir Dədə Qorqudu var. Sanki Dədəmiz kiminləsə danışır, əliylə nəyəsə işarə edir. İkinci əsərdə Oğuz eli, yurdu təsvir olunub. Burada çoxlu insanlar görürük. Sanki Oğuz yurdunda bir törən təşkil olunub. Rəssam bu əsərdə bütün boyların anlamını verməyə çalışıb. Sol yuxarı guşədə ağaca sarınmış Qaraca Çobanı, sol aşağı guşədə isə Dədə Qorqudu görürük...
Dədə Qorqud obrazına cizgi filmlərində də rast gəlirik. Rəssamlarımız bu mövzuda “Basat və Təpəgöz”, “Səgrəyin dastanı” kimi cizgi filmləri yaradıblar.
Azərbaycan heykəltəraşlığında da Dədə Qorqudla bağlı çox dəyərli əsərlər var. Heykəltəraşlar arasında bu obrazı işləyən ilk sənətçi Lətif Aslanov olub. O, 1980-ci illərdə yaratdığı “Dədə Qorqud”u qırmızı ağacdan yonulub. Heykəlin yüksəkliyi 2,5 metrdir. Burada sənətçi Dədə Qorqudun üzündə qabarıq cizgi, xarakter verməyib, onu saqqallı və uzun papaqlı bir kişi olaraq yaradıb. Əsər Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində qorunur.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra milli dəyərlərə böyük önəm verilməyə başlanıldı. Ölkəmizin bir çox bölgələrində Dədə Qorqudun heykəlləri ucaldıldı. Bu heykəllər içərisində Qazax bölgəsində ucaldılan abidə diqqət çəkir. Orada ayrıca olaraq Dədə Qorqud adına park salınıb, abidənin yörəsində dastanın 12 boyunun hər birinə aid heykəl qabartmalar ucaldılıb. Abidənin müəllifi heykəltəraş Ramiz Məmmədovdur.
Heykəltəraş Zakir Əhmədov yaradıcılığında ulusallığa və türkçülüyə geniş yer ayırır. Onun da fərqli “Dədə Qorqud” əsəri var.
“Dədə Qorqud kitabı”nın 1300 illiyi münasibətilə də ölkəmizin müxtəlif yerlərində abidələr ucaldıldı. Naxçıvan şəhərindəki Dədə Qorqud heykəlinin müəllifi Elman Cəfərlidir. Şirvan, Yevlax, Hacıqabul, Zaqatala şəhərlərində Dədə Qorqudun heykəlləri qoyulub.
2013-cü ildə Bakının gözəl yerlərindən birində “Dədə Qorqud parkı” yaradıldı və orada “Kitabi-Dədə Qorqud” abidəsi ucaldıldı. Heykəlin yaradıcısı tanınmış heykəltəraş Görüş Babayevdir. Abidənin yüksəkliyi 4,5 metrdir.
S.Qaliboğlu