Azərbaycan
15 iyul 1915 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.
15 iyul 1925 - Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.
15 iyul 1926 - Xalq artisti Sədayə Mustafayeva (1926 - 13.8.2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, bir sıra filmlərdə ("Mən ki gözəl deyildim", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət" və s.) yaddaqalan obrazlar yaradıb.
15 iyul 1930 - Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 -14.12.2015) anadan olub. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Dövlət Filarmoniyasının bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.
15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.
16 iyul 1913 - Xalq artisti, müğənni Mirzə Babayev (1913 - 13.1.2003) anadan olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Dəli Kür”, “Bəyin oğurlanması” və s.) maraqlı rollar oynayıb.
16 iyul 1934 - Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. Bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihə müəllifidir.
16 iyul 1958 - Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 - 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 - 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
17 iyul 1898 - Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976) Bakıda anadan olub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgün həyatı yaşadıqdan sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankarada dəfn olunub.
17 iyul 1939 - Əməkdar artist Zemfira Sadıqova anadan olub. “Dəli Kür”, “Tütək səsi”, “Torpaq. Dəniz. Od. Səma”, “Bağ mövsümü” və s. filmlərdə çəkilib.
17 iyul 1953 - Xalq artisti Telman Adıgözəlov (1953 - 15.4.2010) Balakən rayonunda doğulub. Teatr və televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
17 iyul 2001 - Tarixçi, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
18 iyul 1018 - Böyük türk mütəfəkkiri və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk, 1018 - 14.10. 1092) anadan olub. Səlcuq sultanları Alparslan və Məlikşahın vəziri olub, "Siyasətnamə" kitabının müəllifidir.
18 iyul 1864 - Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864 - 20.11.1940) Şuşada doğulub. Xanəndənin ifasında muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.
18 iyul 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin, Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfələr verib.
18 iyul 1932 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Kitabları: "Azərbaycan epik şeirinin inkişaf yolları", "Məhəmməd Füzuli", "Nizaminin poeziya sələfləri" və s.
Dünya
15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.
15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfənin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.
15 iyul 1904 - Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1.1860 -1904) vəfat edib. “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərinin müəllifidir.
15 iyul 1924 - Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924-2000) anadan olub. "Azərbaycanfilm" kinostudiyasında rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (rejissor Tofiq Tağızadə) çəkilib.
16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.
17 iyul 1846 - Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.
17 iyul 1888 - İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966) Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.
17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.
18 iyul 1610 - İtalyan rəssamı, Avropa realist rəngkarlığının banilərindən Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.
Hazırladı: Vüqar Orxan