İyulun 12-də Azərbaycanda Atatürk Mərkəzində tanınmış dilçi-türkoloq, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin elmi fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, tədris proqramlarının, çoxsaylı elmi məqalələrin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, onlarla elmi konfransın iştirakçısı, doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Alim uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Dillər kafedrasının müdiri və Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Sessiyada M.Çobanovun elmi yaradıcılığı ilə bağlı məruzələr dinlənilib.
Tədbirdə dilçi-alimin “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və elmin ağsaqqalı” kitabı təqdim olunub.