Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə AMEA-nın tarixi və keçdiyi inkişaf yolundan söhbət açan akademik Akif Əlizadə müxtəlif sahələrdə, o cümlədən humanitar və ictimai elmlərlə bağlı aparılan tədqiqatlardan danışıb. Qeyd edilib ki, akademiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə sıx əməkdaşlıq edir, multikulturalizm problemlərinə, elm və din arasında qarşılıqlı əlaqələrə həsr olunmuş birgə beynəlxalq konfranslar təşkil edilir.
Görüşdə iştirak edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısının müvafiq sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu xatırladıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda heç vaxt dini ayrı-seçkilik olmayıb və bu sahədə mövcud vəziyyətin qorunub saxlanılmasına dair müvafiq dövlət strukturları ilə sıx əməkdaşlıq qurulub.
Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əlaqələrin inkişafından danışan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkələrimizin müvafiq təşkilatlarının əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfərin AMEA-nın fəaliyyəti ilə tanışlıq məqsədi daşıdığını bildirən A.Yusupov təcrübə və bilik mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Özbəkistanda İslam Mədəniyyəti Mərkəzinin təşkilinin nəzərdə tutulduğunu deyən qonaq Azərbaycanın bu sahədəki təcrübəsinin onlara maraqlı olduğunu qeyd edib. Bu ilin oktyabrında islam həmrəyliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin planlaşdırıldığını bildirən A.Yusupov AMEA rəhbərliyini tədbirə dəvət edib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova və başqaları iştirak ediblər.