Qarabağ şəhidi Fuad Əsədovun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib
   
   İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında istehsal olunmuş “Yarımçıq gündəlik” sənədli filmi ictimaiyyətə təqdim olunub.
   
   Dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkilən film Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş Fuad Əsədovun xatirəsinə həsr olunub. Ekran əsərinin ssenari müəllifləri Rafiq Həşimov, Vəli Səyyadi, rejissoru Rafiq Həşimov, operatoru Elxan Nəbiyev, rəssamı Vəli Səyyadi, montaj edəni Ceyhun İbrahimoğlu, redaktoru Rafiq Hüseynlidir.
   Torpaqlarımız uğrunda canını fəda etmiş qəhrəmanın valideynləri Qərib Əsədov və Solmaz Abdullayeva tədbirdə çıxış edərək övladları haqqında danışıb, filmin çəkilməsində əməyi olanlara minnətdarlıq ediblər. Fuad Əsədovun döyüş dostu Əli Məcidov və başqaları şəhidlə bağlı xatirələrini söyləyiblər.
   Sonra “Yarımçıq gündəlik” sənədli filmi nümayiş etdirilib. Filmin adı simvolik məna daşıyır. Fuadın yarımçıq qalmış gündəliyindən sətirlər və onun yaxınlarının xatirələri filmdə əsas yer tutur.
   Fuad Əsədov 1972-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1989-cu ildə İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə daxil olub. 1992-ci ildə Xocalı faciəsindən sonra təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə gedib. Həmin ilin iyununda Cəbrayılda, Sur kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
   Tanrı Fuada yaradıcılıq istedadı və qabiliyyəti bəxş etmişdi. Filmə tamaşa etdikcə böyük arzularla yaşayan, Tanrının ona bəxş etdiyi bütün bu qabiliyyətləri torpaq yolunda qurban verən azərbaycanlı gəncin obrazı gözümüz önündə canlanır. Onun kəndinə, Vətəninə, həyata, insanlara sevgidən qaynaqlanan şeirləri var, qəlbi musiqi ilə nəfəs alır, qarmon ifaçısıdır. O, dünyanı, təbiətin rənglərini maraqlı tablolara çevirir. O, şair, rəssam və musiqiçidir. Memar kimi qurub-yaratmaq istəyir. Düşmən gülləsi onun arzularına dəyir, ömrü, yazmağa başladığı gündəliyi yarımçıq qalır.
   Gənclər üçün nümunə ola biləcək bir ömür yaşamış Fuad Əsədov haqqında film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar