İSESCO ilə Azərbaycan bununla bağlı işçi qrup yaradır
Xəbər verdiyimiz kimi, 10-11 iyul tarixində İSESCO-nun Mərakeşin Rabat şəhərində yerləşən baş qərargahında İSESCO, ALECSO, ABEGS təşkilatlarının milli komissiyalarının koordinasiya görüşü keçirilib.
İyulun 12-də isə həmin təşkilatların 4-cü beynəlxalq forumu gerçəkləşib. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşüb.
Görüşdə İSESCO ilə Azərbaycanın Qarabağda məhv edilmiş tarixi-mədəni irsin araşdırılması üçün birgə işçi qrup yaratması barədə razılıq əldə olunub.
İşçi qrup Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində tarixi-mədəni abidələrin vəziyyətinə dair hesabat hazırlayacaq və cari ilin noyabr ayında keçiriləcək İSESCO Mədəniyyət nazirlərinin konfransına təqdim edəcək. Hesabatın İslam Əməkdaşlıq Təşkilatı və İSESCO-nun üzv ölkələrinə, dövlət qurumları və təhsil müəssisələrinə göndərilməsi də nəzərdə tutulur.
Görüş zamanı Vasif Eyvazzadə bütün platformalarda Əl-Tüveycrinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, işğal olunmuş torpaqlarımızda erməni vandalizminə qarşı səssiz qalmadığına görə təşəkkür edərək İSESCO ilə ölkəmiz arasında mövcud olan əməkdaşlığın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Əl-Tüveycri cari ilin 4-6 may tarixində Bakıda keçirilmiş 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkə başçısı İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşünün olduqca əhəmiyyətli olduğunu xatırladaraq İSESCO-nun bütün məsələlərdə Azərbaycanın yanında olduğunu ifadə edib.
Görüşdə Naxçıvan şəhərinin 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı fəaliyyət planı, 2018-ci ildə qeyd olunacaq “Bakı Prosesi”nin 10 illik yubileyi, eləcə də 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrinə dair yüksək səviyyəli görüşün keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Əl-Tüveycri qarşıda İSESCO tərəfindən bir sıra yüksək səviyyəli konfransların keçiriləcəyini qeyd edərək İSESCO üzrə Azərbaycan Milli Komissiyasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qurumun Baş konfransının prezidenti qismində həmin tədbirlərdə iştiraka dəvət edildiyini bildirib.