İyulun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bütün kollektivi bu mövsümdə son dəfə bir araya gəldi və həmişə böyüklü-kiçikli tamaşaçıların əyləşdiyi salona yığışıb əvvəlcə 2016-2017-ci teatr mövsümü barədə rəhbərliyin hesabatını dinlədi. Mövsümün yekunları barədə ötən yazımızda bəhs etdiyimiz üçün keçirik əsas məsələyə.
Artıq üçüncü ildir ki, sənət ocağı mövsüm boyu fərqlənmiş əməkdaşlarını Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima" mövsümi mükafatı ilə təltif edir. Kollektivin maraqla gözlədiyi bu təqdimat mərasimi də sözlü-nəğməli və xoş zarafat dolu keçir. Təqdimat üçün səhnəyə qalxan hər sənətkar aparıcının verdiyi zərfi açıb qalibin adını elan edənədək də salondan incə bir həyəcan dalğası keçir.
Builki təqdimat isə elə qurulmuşdu ki, həmin həyəcan bir qədər də uzandı. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov ilk olaraq "Teatr və KİV" və "Teatrın dostu" nominasiyalarının qaliblərini elan etdilər. "Kaspi" qəzetinin əməkdaşı Xəyalə Rəis və primetime.az saytının əməkdaşı Ülviyyə Həsənqızı teatrın fəaliyyətini daha geniş işıqlandırdıqlarına görə təltif edildilər.
Sonra sıra gəlib çatdı teatrın əməkdaşlarına. Aktrisa Xəyalə Meydanova - "Uğurlu debüt", Elşən Şıxəliyev "Mövsümün ən yaxşı xarakterik kişi obrazının ifaçısı", Mehriban Abdullayeva "Mövsümün ən yaxşı xarakterik qadın obrazının ifaçısı", Elnur Hüseynov "Mövsümün seçilən aktyoru", Bəhram Həsənov "Mövsümün fərqlənən aktyoru", Müşfiq Əliyev "Mövsümün ən işgüzar aktyoru", Eyvaz İbrahimov "Mövsümün ən yaxşı epizodik rol ifaçısı" kimi "Sima-2017" mükafatına layiq görüldü. Səhnə arxasında çalışanlar da unudulmamışdı. Hüsniyyə Quliyeva "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı", İradə Mirişli "Mövsümün ən yaxşı texniki işçisi", Ələsgər Muradxanlı "Mövsümün ən işgüzar əməkdaşı" kimi fərqləndirildi.
Mükafatı təqdim etmək üçün səhnəyə çıxan tanınmış aktyorlar və "Sima" mükafatının münsiflər heyətinin üzvləri nominantların çox ciddi və ədalətli seçim əsasında müəyyən etdiklərini deyir və buna görə də rəhbərliyə minnətdarlıqlarını bildirirdilər. Hər qalibin adı çəkildikcə salonda qopan alqış səsləri də seçimin nə qədər düzgün aparıldığına sübut idi.
Aktrisa Günel Məhərrəmovanın məharətli aparıcılıq etdiyi mərasim təkcə təltiflərlə yadda qalmadı. Xəzər Universitetinin rəqs ansamblının çıxışı, aktyor İlham Əsədov ilə Əməkdar artist Almaz Mustafayevanın ifa etdiyi mahnılar, Yunus Əmrədən Məhəmmədhüseyn Şəhriyaradək türk dünyasının məşhur şairlərinin şeirləri üstündə qurulmuş, elə onların obrazlarını canlandıran aktyorların iştirak etdiyi ədəbi-bədii kompozisiya məclisə rəngarənglik qatdı.
Xalq artisti, "Sima-2017" mövsümi mükafatı münsiflər heyətinin üzvü Yasin Qarayev çıxış edərkən gənc aktyorlara bir ağsaqqal tövsiyəsi də verdi: "Bir zamanlar mən hələ aktyor kimi tanınmadığım illərdə köhnə teatrımızın qarşısında dayananda yoldan ötüb keçənlərin binaya baxaraq "Zəfərin teatrı", "Yusifin teatrı", "Firəngizin teatrı" dediklərini xatırlayıram. Onlar öz dövrlərində bizim teatrın simaları idilər. Siz də elə aktyor olun ki, bu gün teatrın qarşısından yolu düşənlər sizin adınızı teatrın adı ilə qoşa çəksinlər".
Gülcahan Mirməmməd