İyulun 14-də Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı layihəsinin müzakirəsinə həsr olunmuş toplantı keçirildi.
Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən hazırlanan Tədbirlər Planı layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumların səlahiyyətli nümayəndələri iştirak edirdi.
İclasda çıxış edən nazir Əbülfəs Qarayev dövlət başçısının sərəncamına uyğun olaraq nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, həyata keçiriləcək tədbirlərlə bağlı ümumi koordinasiya Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.
Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Prezidentin sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanıb. Azərbaycan Respublikasının Milli Məclisinə Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi də tövsiyə edilib.
Nazir diqqətə çatdırdı ki, yubiley tədbirləri ilə bağlı komissiyaya 200-dək təklif təqdim olunub və bunlardan 100-ü qəbul edilib. Təkliflərlə bağlı bütün sənədlər iyul ayının sonuna kimi hazırlanıb müvafiq dövlət qurumlarına təqdim edilməli, tədbirlərin vaxt bölgüsü aidiyyəti təşkilatlar arasında dəqiqləşdirilməlidir.
Vurğulandı ki, həm xaricdə, həm də ölkəmizdə keçiriləcək tədbirlərdə dövlət quruculuğu ənənələri, Xalq Cümhuriyyətinin tariximizdəki yeri və əhəmiyyəti ön plana çəkilməli, Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının bugünkü inkişaf mənzərəsi diqqətə çatdırılmalıdır. Bu tədbirlərə cavabdeh strukturlar Azərbaycanın dövlətçilik imicini layiqincə təqdim etməlidir. Ölkəmizin əməkdaşlıq etdiyi beynəlxalq qurumlarda, o cümlədən BMT, UNESCO, İSESCO və digər təşkilatlarda təqdimatlar və layihələr gerçəkləşməli, Azərbaycanın dövlətçilik tarixi təbliğ edilməlidir. Cümhuriyyətin yubileyi ilə bağlı bütün tarixi məqamlar geniş şəkildə həm yerli, həm də xarici ictimaiyyətin nəzərinə çatdırılmalıdır.
Sonra Tədbirlər Planının layihəsi ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev, təhsil nazirinin müavini Mətin Eynullayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev və AZƏRTAC-ın baş direktorunun müavini Dağbəyi İsmayılov Tədbirlər Planının layihəsi ilə bağlı təkliflərini bildirdilər.
Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ölkə daxilində, eləcə də dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, yubiley münasibətilə kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək. Bu əlamətdar tarix ilə bağlı müxtəlif dillərdə ümumi bir saytın yaradılması və bütün foto və videomaterialların, xəbərlərin burada yerləşdirilməsi də təklif olundu.
Lalə