Füzuli Dövlət Dram Teatrı mövsümə ''Mən Zəhrayam" adlı poetik xalq faciəsi ilə yekun vurub. Səhnə kompozisiyası rayonun Alxanlı kənd sakinləri - Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi ikiyaşlı Zəhra Elnur qızının işğalçı erməni qüvvələri tərəfindən qətlə yetirilməsinə həsr olunub.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bildirib ki, bu hadisə bütün Azərbaycan xalqını sarsıdıb. Biz Zəhramıza və erməni təxribatı nəticəsində qətlə yetirilən minlərlə günahsız soydaşımıza ədalət istəyirik.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova hadisə haqqında qeyd edib ki, bu hadisə bütün dünya ictimaiyyətinə erməni vandalizminin hələ də davam etdiyini göstərir. Biz Zəhramızın qisasını istəyirik.
Sonra teatrın aktyorlarının ifasında 4 iyul şəhidləri anılıb, onların həyat hekayəsi tamaşada əks olunub.
Sonda rayon ərazisində yerləşən bağça uşaqları səhnəyə dəvət olunub. Balaca şəhid Zəhranın dünəni, yaşasaydı bu günü və gələcəyi uşaqların çıxışlarında əks olunub. Uşaqların dilindən deyilən şeir və sözlər, hər kəsi kədərə boğmaqla yanaşı, bir daha düşmənə nifrət hissləri oyadıb.