Xalq rəssamı, görkəmli tişə ustası Tokay Məmmədovun 90 illiyinə həsr olunan gecə keçirildi
   
   İyulun 17-də Nizami Kino Mərkəzində Xalq rəssamı, heykəltəraş, Dövlət mükafatı laureatı Tokay Məmmədovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən gecədə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. 
   Mərkəzin foyesində yubilyarın həyat və yaradıcılığını, ömür salnaməsini əks etdirən kitab-kataloq nümayiş olunurdu. Nəşrdə sənətkarın ictimai fəaliyyəti, Azərbaycan rəssamlıq və heykəltəraşlıq məktəbinə verdiyi töhfələr geniş əksini tapıb. 
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən olan Tokay Məmmədovun rəssamlıq və heykəltəraşlıq sənətimizin inkişafında xidmətlərini yüksək qiymətləndirdi: “Onun əsərlərini Bakı şəhərində, demək olar ki, hər gün görürük. Bəlkə də biz çox zaman bu heykəllərin qarşısından keçdikdə onun müəllifi haqqında düşünmürük, amma bu əsərlər bizi heyran edir. Hər birimiz Bakı Musiqi Akademiyasının qarşısından keçərkən Üzeyir bəyin heykəlini seyr edib düşüncələrə dalırıq, amma müəllifinin Tokay Məmmədov olduğu, bu böyük yaradıcı insan ağlımıza gəlmir. Onun yaratdığı heykəllər Bakının simasıdır. Bir neçə il bundan əvvəl paytaxtımızda ucaldılan “Koroğlu” abidəsinin də müəllifi Tokay müəllimdir”. 
   Əbülfəs Qarayev qeyd etdi ki, heykəltəraşın hər bir obrazının arxasında yaratdığı şəxsiyyəti göstərmək müəllifin xüsusi qabiliyyətinin nəticəsidir: “Koroğlu” heykəlinin layihəsini dövlət başçısına təqdim edən zaman Birinci vitse-prezident Mehriban xanım Əliyeva vurğuladı ki, bu emalatxanada Tokay müəllimin yaratdığı obrazların hər biri böyük düşüncə və fəlsəfə aşılayır. Həqiqətən də, şəhərimizi bəzəyən Füzulinin, Nəsiminin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun və digər görkəmli şəxsiyyətlərin heykəllərində bu fəlsəfənin bir daha şahidi oluruq”.
   Görkəmli sənətkara yaradıcılıq uğurları arzulayan nazir onu 90 illik yubileyi münasibətilə təbrik etdi, xoş arzularını dilə gətirdi. Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təbriklərini yubilyara çatdıraraq ona Prezidentin xüsusi diplomunu təqdim etdi. 
   Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev sənətkar haqqında fikirlərini bölüşərək onun zəngin yaradıcılıq yolundan söz açdılar. Qeyd edildi ki, heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Onun bu janrda ərsəyə gətirdiyi sənət nümunələri sırasında Azərbaycanın şairləri, dövlət xadimləri, milli qəhrəmanların obrazları üstünlük təşkil edir. O həm də gənc heykəltəraşlar nəslinin yetişməsində böyük xidmətlər göstərib, bu gün də gənc nəslə həvəslə sənətin sirlərini öyrədir. 
   Vurğulandı ki, heykəltəraşın ən məşhur əsərlərindən biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazıdır. Bu əsər heykəltəraşın gənclik illərində yaratdığı və ona uğur qazandıran əsərlər sırasındadır. T.Məmmədov 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsinin müəllifidir. Hər bir əsəri ilə o sanki həm də bir tarix yaradıb. İllər keçsə də, bu nümunələr gələcək nəslə Azərbaycan tarixinin bir parçasını nümayiş etdirəcək. 
   Tədbirdə yubilyara həmçinin Azərbaycan Rəssamlar İttifaqının diplomu təqdim edildi. 
   Sonra Tokay Məmmədova həsr edilən “Portret” filmi nümayiş olundu. 2007-ci ildə “Salnamə” studiyası tərəfindən lentə alınan filmin üzərində Yusif Şeyxov, Miri Rzayev, Köçəri Məmmədov, Fərid Axundov, Rəşad Mustafayev işləyib. 
   Qeyd edək ki, Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Məmmədov texniki elmlər doktoru, anası Zivər xanım isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. T.Məmmədov ilk təhsilini anasından alıb. 1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə qəbul olunur, burada görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovdan dərs alır. 1945-ci ildə Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad (Sankt-Peterburq) şəhərinə gedir və İ.E.Repin adına Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə daxil olur. Burada oxuduğu illər ərzində o, görkəmli sənətkarlar V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir. 
   Azərbaycan heykəltəraşlığında ağacdan ilk dəfə olaraq T.Məmmədov istifadə edib. 1953-cü ildə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin portretini yonub. Bu əsər 1955-ci ildə Varşavada Gənclərin Beynəlxalq sərgisində uğurla nümayiş etdirilib. Hazırda portret şairin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunub saxlanılır. 
   Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətlər aşkar şəkildə diqqəti çəkir. "Səməd Vurğun", "Qəzənfər Xalıqov", "Nəriman Nərimanov", "Şirəli Müslümov" və s. portretləri yüksək sənətkarlığı ilə seçilən nümunələrdir.
   Heykəltəraş yaradıcılığında mərmər, tunc, gipsdən də ustalıqla istifadə edib. Bu qəbildən müəllifin "Üzeyir Hacıbəyov", "Rüstəm Mustafayev", "Vəcihə Səmədova", "Süleyman Rəhimov", "F.Şopen" və "V.A.Motsart" kimi büst portretlərini qeyd etmək olar.
   
   Lalə Azəri