Mədəniyyət, dil və din müxtəlifliyinin qorunub saxlanılması yolunda qurum daha fəal rol oynamalıdır
Fransanın saytında UNESCO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “UNESCO-nun əvvəlki nüfuzunu geri qaytarmaq istəyirəm ki, onun səsi Parisdə və bütün dünyada eşidilsin” adlı məqaləsi dərc olunub.
Müəllif bildirib ki, BMT-nin 17 qurumundan təhsil, elm və mədəniyyət sahələri üzrə ixtisaslaşan təşkilat kimi UNESCO yarandığı gündən xalqlar və dövlət rəhbərləri ilə əməkdaşlıq edərək ədalətə, hüquqi dövlətə, insan hüquqlarına, əsas azadlıqlara riayət edilməsi istiqamətində fəaliyyət göstərir.
Məqalədə mülki şəxslərin, cəmiyyətin ən zəif təbəqəsi olan uşaqların müharibələrin əzablarına daha çox düçar olduğu bildirilərək, mədəniyyət, etnik, dil və din müxtəlifliyini, sivilizasiyaların əsasını qoyan ideya və normaların qorunub saxlanılmasının vacibliyi vurğulanır. Universal insanlığı qoruyub saxlamaq və təşviq etmək lazımdır ki, cəmiyyətimizin birliyini, birgə yaşamaq ideyalarını məhv etmək, dağıtmaq istəyən cahillərdən qoruya bilək. Dünyamızın tərəqqisinə mane olmaq istəyən düşmənlərimizə, terrorist təşkilatlara, nihilistlərə qarşı mübarizə aparmalıyıq. Xoşməramlı insanlar, eləcə də diplomatik rəhbərlər kimi belə dəyərlərimizi müdafiə və təşviq etmək ümdə və təcili vəzifəmizdir. Mədəni və tarixi irsimizi məhv edən müharibələrin qarşısı alınmalıdır. UNESCO-dan siyasi alət kimi istifadə olunması təşkilatın əsl missiyasının yerinə yetirilməsinə və fəaliyyətinin səmərəliliyinə mane olur.
UNESCO-nun sülhün qorunub saxlanması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıran P.Bülbüloğlu qeyd edib ki, iqlim dəyişikliyi, terrorizmin mülki şəxslərə və onların həyatına mənfi təsiri, müharibələrin dağıdıcı nəticələri, maddi və qeyri-maddi irsin dağıdılması kimi məsələlərə diqqət çox vacibdir və UNESCO özəl sektorla razılaşaraq bunların həlli ilə məşğul olmalıdır. Maliyyə vəsaitləri və böyük intellektual imkanlar bu işə yönəldilməlidir. O vurğulayıb ki, BMT-nin digər institutları, eləcə də Parisdə yerləşən, 35 üzv ölkədən ibarət Əməkdaşlıq və İqtisadi İnkişaf Təşkilatı və 84 üzvdən ibarət Fransızdilli Ölkələrin Beynəlxalq Təşkilatı kimi hökumətlərarası təşkilatlarla əməkdaşlıq etməklə bu istiqamətdə müvəffəqiyyət qazanmaq olar.
Müəllif diqqətə çatdırıb ki, qurumun əvvəlki nüfuzunu qaytarmaq, onun səsinin bütün dünyada eşidilməsinə nail olmaq, İcra Şurasının oktyabr ayında toplaşacaq 202-ci sessiyasına və noyabr ayında UNESCO-nun 39-cu baş konfransına bu ambisiyalarla gedərək təşkilatın 11-ci baş direktoru olmaq istəyir.