Bir əsərin tarixçəsi
1963-cü il oktyabr ayının sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzi salonunda açılan “Köhnə Bakı” adlı linoqravüra sərgisi yerli bədii məkanda duyulası maraqla qarşılandı. Əslində, o vaxtlar yaradıcılığının parlaq dövrünü keçirən “altmışıncılar”ın - onlarla rəssam və heykəltəraşın uğurlarına şahidlik edən bu salon üçün həmin sərgi bəlkə də sıradan sayıla biləcək mədəni hadisə idi. Amma onun açılışına toplaşanlar və ekspozisiyası ilə tanış olanlar üçün nümayiş olunanlar bütün mənalarda şaşırdıcı görünürdü. Bunu şərtləndirən başlıca səbəb həmin qrafik lövhələrdə paytaxtın şəriksiz rəmzi sayılan qədim məkana - İçərişəhərə bu vaxta qədər göstərilən bədii münasibətdən çox fərqli - cəlbedici və gözlənilməz baxışın mövcudluğu idi. Ekspozisiyanın bənzərsizliyinin əsasını təşkil edən “Köhnə Bakı” qrafik silsiləsi bədii tutumuna - cizgi improvizələrinə görə sözün əsl mənasında milli sənət məkanımız üçün yeni sayıla bilərdi...
Paytaxtın mədəni məkanında baş verənləri davamlı izləyənlərin əksəriyyəti üçün bu sərginin müəllifinin tanış olmaması da tədbirə olan güclü marağın yaranmasını şərtləndirmişdi. Üstəlik, sərginin həmin rəssamın 60 illiyinə həsr olunması sənətsevərləri lap pis vəziyyətə qoymuşdu. Onlar kifayət qədər yaşlı olan və bu cür özünəməxsus dəst-xəttə malik rəssamın Bakıda yaşayıb-yaratmasından xəbərsizliklərinə görə özlərini qınayırdılar. Amma onlarda günah yox idi. Qınanmalı da tamaşaçılar yox, zamanında belə bir istedada qənim kəsilmiş sovet - kommunist rejimi idi. Belə olan halda 60 illik ömrünün 28 ilini (1928-1956) Rusiya həbsxanalarında və sürgündə keçirən rəssamdan və onun əsərlərindən adi tamaşaçı haradan xəbər tuta bilərdi? Haqqında söz açmaq istədiyimiz bu sənət möcüzəsinin müəllifi isə adı o dövr sənətsevərləri arasında çoxlarına tanış olmayan, yalnız yaşlı nəslin xatırladığı Ələkbər Rzaquliyev idi...
Əgər onun bioqrafiyasına qısa ekskurs etməli olsaq, onda Bakıda dünyaya göz açan Ələkbər Rzaquliyevin (1903-1974) uşaqlıqdan rəsm çəkməyə böyük həvəs göstərdiyini deməliyik. Baxmayaraq ki, hələ o vaxt ona bu peşənin arxasınca getməməyi tövsiyə edənlər vardı. Şəhərin axundu onun babasına belə məsləhət görmüş, üstəlik, xəbərdarlıq etmişdi ki, Allah insanın şəklinin çəkilməsini qadağan edib. Ancaq balaca Ələkbər inadından dönməmiş və rəssam arzusunu bir an da olsun beynindən çıxarmamışdı...
İxtisas təhsilini əvvəlcə doğma Bakıda, sonra isə uzaq Moskvada alan Ələkbər Rzaquliyevin duyğularını müstəqil şəkildə ifadə etməyə hazırlaşdığı bir vaxtda, obrazlı desək, başının üstünü qara buludlar aldı. Günlərin birində gözlənilmədən onu təhsildən ayırıb həbs etdilər. Əslində 37-ci il repressiyalarına hazırlıq kimi qəbul olunacaq həbsin əsl səbəbi açıqlanmasa da, bunun gənc rəssamın kifayət qədər mütərəqqi baxışlara malik olması ilə bağlılığı birmənalı idi. Kremldən idarə olunan ideoloji mexanizm rəhbərlərinin və onların yerlərdəki qulbeçələrinin bu cür düşünmələrinə əsas verə biləcək çox şey vardı. Bunların birincisi gənc rəssamın Moskvada Ümumittifaq Ali Bədii-Texniki Emalatxanalarında təhsil alması, orada P.Konçalovski, D.Kardovski, D.Şterenberq, K.İstomin, R.Falk, P.Kuznetsov, A.Osmerkin, A.Drevin və S.Gerasimov kimi açıq fikirli rəssamlarının tədris prosesində iştirak etmələri idi. O vaxtın ən nüfuzlu sayılan bədii Sankt-Peterburq Akademiyasında təhsil nə qədər adına müvafiq - klassik-akademik və bir qədər konservativ idisə, “VXUTEMAS”da (Moskvadakı təhsil ocağı daha çox bu adla tanınırdı) bunun əksini görmək mümkün idi. Odur ki, mərkəzi və yerli ideoloqların həm bu emalatxanaların müəllimlərindən, həm də tələbələrindən hər an şübhələnməyə “əsasları” vardı.
Amma gənc Ələkbərin həbsi birmənalı olaraq sapı özümüzdən olan baltaların canfəşanlığı sayəsində baş tutmuşdu. Bu dəfə “balta” rolunda o vaxtlar Azərbaycanda yüksək dövlət vəzifələrində çalışmış Ruhulla Axundov çıxış etmişdi. Ələkbər Rzaquliyevin tələbəliyi illərində onunla Moskvada və Bakıda tez-tez görüşən Ruhulla Axundova gənc rəssamın ünsiyyət dairəsi yaxşı məlum idi. Bu mənada azərbaycanlı gəncin məşhur fransız yazıçısı Anri Barbüs və meksikalı rəssam Dieqo Rivera ilə tanışlığını qeyd etmək olar. Tələbə-rəssamın o vaxtlar Moskvada yaşamağa məcbur olan türk şairi Nazim Hikmətlə çox yaxın təması heç kimə sirr deyildi. Rəssamın üzərini bürüyən “şübhə dalğası”nın daha da güclənməsində onun “pantürkçü” damğası ilə həbs olunan heykəltəraş İbrahim Quliyevlə yaxın dostluğunun da rolu olmuşdu. Bununla belə, ömrünün sonuna qədər də sadə və sadəlövh qalan rəssam həmin illərdə mövcud rejim üçün çox “təhlükəli” hesab olunan dövrün aydınlarına qarşı mübarizənin başlandığını sona qədər dərk edə bilmirdi. Doğrudan da, Azərbaycanın ilk komsomolçularından biri olan və bütün varlığı ilə kommunist idarəçiliyinə inanan bir adamın həbs olunub Rusiyanın soyuq guşələrinə sürgün edilməsi çoxları kimi rəssamın özünə də qəribə gəlmişdi. O vaxtlar rəssamın özünümüdafiə xarakterli izahlarına əhəmiyyət verən olmamışdı və belə “məsələ”ləri çox tez bir zamanda həll etməyi bacaran “üçlük” məhkəməsi tərəfindən günahkar bilinərək cəmiyyətdən təcrid olunmuşdu. Rəssamın taleyinin sınağa çəkilməsində R.Axundovun rolunun birmənalı olmasını isə onun həbs müddətini çəkib Bakıya qayıtdıqdan sonra, onların küçədə baş tutan görüşləri zamanı məşhur bolşevikin dedikləri təsdiqləyir. Ə.Rzaquliyevi azadlıqda görməsindən son dərəcə təəccüblənən R.Axundovun “Sən yenə də buralardasan?” deməsindən sonra rəssam yenidən həbs olunaraq uzaq soyuq Arktika sahillərinə - Solovkiyə göndərilmişdi...
1956-cı ildə bəraət almasından sonra doğma Azərbaycana qayıdan və uzun müddətə yaradıcı mühitdən uzaq düşən rəssamın əsərlər üzərində çalışması, onu yaxından tanıyan həmkarları üçün nə qədər təbii qəbul olunsa da, çox tezliklə uğur qazanacağını heç kəs ağılına gətirmirdi. Həyatı sıxıntılarla keçən Ə.Rzaquliyevin o vaxt 53 yaşı vardı. Bu yaşda yaradıcılar bir qayda olaraq sənətdə özlərini təsdiqləmiş olurlar, Ələkbər Rzaquliyev isə hələ çox çətin yolun başlanğıcında idi. Amma çox erkən yaşlarından həyatın sayagəlməz sınaqlarına tuş gələn, lakin nə vaxtsa bu “başlanğıc”ın gerçəkləşəcəyinə böyük ümidlər bəsləyən rəssam onu gözləyən çətin sənət sınağına çox böyük mənəvi-yaradıcı potensialla gəlmişdi. Çox güclü şölələnən bu yaradıcılıq alovu həm də bir qərinəyə yaxın davam edən məcburi ayrılığa birdəfəlik son qoyulduğunu əks etdirən sənət yanğısının ifadəsi olmalıydı. Ona görə də o, səhərdən axşama kimi emalatxanadan çıxmazdı. Xalq rəssamı Rasim Babayev deyərdi ki, onun əlindəki ləvazimatları yerə qoyması yalnız çox qısa bir müddətə - günorta yeməyi ilə bağlı olardı...
Bu yerdə deyək ki, yorulmaq bilmədən çalışan rəssam əslində bir çoxları kimi “nələrisə” axtarmırdı. Belə ki, o, əlinə qələm-kağız alanda nə və necə çəkəcəyini çox yaxşı bilirdi. Ən böyük yaradıcı niyyəti onun rəssamlıqdan uzaq salındığı əsrin əvvəllərinə - “axundlu məkan”a və dövrə qayıtmaq, uşaqlığında müşahidə edib yaddaşında qoruduqlarını əyaniləşdirib, onlara duyğularını əlavə etməklə insanlara göstərmək idi...
Rəssamın adını çəkdiyimiz “Köhnə Bakı” sərgisində nümayiş olunan 200-ə qədər əsərin əksəriyyəti İçərişəhərlə bağlı idi. Müxtəlif biçimli bu kompozisiyalarda nələr və kimlər yoxuydu? Tamaşaçı özünü sanki əsrin əvvəllindəki Bakıda hiss edirdi...
O vaxtlar rəssam-qrafiklərin çox az hallarda müraciət etdikləri linoqravüra texnikasında “Köhnə Bakı” silsiləsini yaradan Ələkbər Rzaquliyevin hər bir əsərdə nümayiş etdirdiyi cizgi oynaqlığı və improvizələri qeyri-adi dərəcədə cəlbedici idi. Həmkarlarını daha çox təəccübləndirən isə onun linoqravüranın yeni ifadə imkanlarını üzə çıxara bilməsi, onun bədii-estetik tutumunun heç də o biri - daha populyar texnikalardan geri qalmadığını əyani şəkildə təsdiqləməsi idi. İlk lövhələri (“İçərişəhər önündə meydan”, “Palaz satan”, “Zurnaçılar”, “Taxılla tarlaya”) 1960-cı ildə yaranan və rəssamın ömrünün sonuna kimi davam edən silsilənin ən diqqətçəkən məziyyətlərindən biri onun bədii həllində yerlik-fon kimi ağ səthdən geniş istifadə olunması, qədim miniatürlərdə olduğu kimi, bununla da görüntünün cəlbedici alınmasına nail olunması sayıla bilərdi.
Bir silsilə ətrafında birləşən çoxsaylı əsərlərdə qədim şəhərin özünəməxsus memarlığı, ticarət obyektləri, küçə ticarətçiləri, məişət motivləri, bir sözlə, İçərişəhərdə yaşanan həyat bədii tutumda təqdim olunmuşdu. “Mədrəsə”, “Qəlyanlı çayxana”, “Cızbızxana”, “Kürsü”, “Balıqsatan”, “Küçə mirzəsi”, “Ağ neft satan”, “Küçə bərbəri”, “Hamama gedən qadın”, “Azançı”, “Yun daşıyan hamballar”, “Köhnə hamam”, “İçərişəhərdə küçə” və digər çoxsaylı qrafik lövhələrdə köhnə Bakının çox koloritli həyatını duymaq mümkündür. Görüntünün təsirliliyinə ifadəli siluetlə, forma-biçim lakonikliyi və bədii ümumiləşdirmələrlə nail olan Ələkbər Rzaquliyev, bütünlükdə, Azərbaycan təsviri sənətində yeni səhifə açdığını təsdiqləmiş oldu. Rəssamın linoqravüralarında hadisələrə və obrazlara ironiyalı-yumorlu baxışda elə bir qeyri-adi və cəlbedici təsir gücü vardı ki, istər-istəməz tamaşaçısını ovsunlayırdı.
Bu əsərlərdə dominant rolunu oynayan qara rəngin “işığı” sözün əsl mənasında rəssamın yaradıcı taleyinə də gur - uğur işığı salmış oldu. Bir il sonra ona Azərbaycan SSR-nin Əməkdar rəssamı fəxri adı verildi. “Köhnə Bakı”nın da nümayiş coğrafiyası çox sürətlə genişləndi. İlk və böyük yaradıcılıq uğurundan həvəslənən Ələkbər Rzaquliyev sonrakı illərdə müxtəlif mövzularda da əsərlər yaratdı. Ancaq “Köhnə Bakı” sənət aləmində onun həmişəlik “tanınma nişanı” olaraq qaldı...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru