Ankarada BMT nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib
   
   İyulun 19-da Ankarada Türkiyə Azərbaycan Tələbə Birliyinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəliyi qarşısında Ermənistanın ölkəmizə qarşı işğalçı əməllərinə etiraz olaraq yürüş keçirildi. 
   Aksiyada bu il iyulun 4-də işğalçı Ermənistan ordusu tərəfindən ikiyaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın öldürülməsi ilə bağlı etiraz şüarları səsləndirildi. Tədbirdə Ankarada təhsil alan azərbaycanlı tələbələr, tarixçi soydaşımız, TOBB (Türkiyə Palata və Birjalar Birliyi) İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl, AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov, burada yaşayan vətəndaşlarımız iştirak edirdi. Aksiya iştirakçıları “Uşaq qatili Ermənistan”, “Zəhraya ədalət, Qarabağa ədalət” şüarlarını səsləndirdilər. 
   İştirakçılar adından mətbuata açıqlama verən Türkiyə Azərbaycan Tələbə Birliyinin sədri Elvin Ağayev bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 1994-cü ilin mayında atəşkəs elan edilsə də, işğalçı Ermənistan davamlı olaraq atəşkəsi pozur, o cümlədən mülki əhalini hədəf alır: “Son olaraq 4 iyulda işğalçı ordunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi həyatlarını itirib. Ermənistan törətdiyi bu cinayətlə beynəlxalq hüququ heçə saydığını yenidən nümayiş etdirdi. Bunun əsas səbəbi Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanmasından ötən 25 ilə yaxın müddətdə Ermənistana heç bir beynəlxalq təzyiqin edilməməsi, BMT və digər beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinə və Azərbaycan torpaqlarının işğalının davam etməsinə laqeydliyidir. Biz Azərbaycan vətəndaşları olaraq Birləşmiş Millətlər Təşkilatının 2 yaşındakı Zəhranın Ermənistan işğalçı ordusu tərəfindən qətl edilməsinə münasibət bildirməsini, Ermənistanın insanlıq əleyhinə cinayətlərinin mühakimə olunmasını tələb edirik”. Tarixçi Toğrul İsmayıl Azərbaycanın torpaq bütövlüyünün təmin olunması və bölgədə sülhün bərqərar edilməsinin vacibliyini vurğuladı: “Bildirdi ki, vəziyyət belə davam etdikcə, təhdidlər də davam edəcək. Biz günahkarların cəzalandırılmasını, işğalçıların Azərbaycan torpaqlarından çıxarılmasını tələb edirik”.
   Sonra üzərində “Zəhraya ədalət, Qarabağa ədalət” yazılmış qara çələng BMT-nin nümayəndəliyinin girişinə qoyuldu, mətbuat açıqlamasının bir nüsxəsi qurumun nümayəndəsinə təqdim edildi. 
   
   Mehparə Sultanova
   Ankara