Azərbaycan
22 iyul Milli mətbuat və jurnalistika günüdür. 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində 56 sayı işıq üzü görən “Əkinçi” xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan milli mətbuatının yeni səhifələrini açan "Ziya", "Kəşkül", "Kaspi" və digər qəzetlər nəşrə başladı.
22 iyul 1884 - Filosof və tarixçi, Azərbaycan Elmlər Akademiyasının akademiki Aleksandr Osipoviç Makovelski (1884 - 16.12.1969) anadan olub. 1920-1960-cı illərdə Bakı (Azərbaycan) Dövlət Universitetində dərs deyib, EA-nın Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.
22 iyul 1928 - Azərbaycan SSR Xalq Komissarlığı Soveti latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də rəsmən gerçəkləşdi. 10 il sonra latın qrafikalı əlifbanı kiril əlifbası əvəzlədi.
22 iyul 1941 - Xalq artisti, tanınmış diktor Yusif Mehdi oğlu Muxtarov (1941 - 25.4.2010) Sabirabad rayonunun Kür kəndində doğulub. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində, teletamaşalarda çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
22 iyul 1959 - Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959 - 6.7.2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən", "Özümə yol" və s. kitabların müəllifidir.
23 iyul 1883 - Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 - 8.5.1912) anadan olub. Əsərləri: “Türk ədəbiyyatına bir nəzər”, “Ədəbiyyat məcmuəsi” və s.
23 iyul 1916 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə (1916 - 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.
23 iyul 1941 - Xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub. Bir çox bəstəkar mahnıları onun ifasında populyarlıq qazanıb. “Qanun naminə" filmində çəkilib. “Gün keçdi”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərdə, teletamaşalarda mahnıları ifa edib.
23 iyul 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun mərkəzini, Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edib. Sonrakı günlərdə düşmən rayonun üçdə ikisini işğal etdi. Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayondur (əhalisi işğal zamanı 150 min nəfərə yaxın idi) və onun işğalından sonra erməni qüvvələrinin Füzuli-Cəbrayıl istiqamətində hücumu başlandı.
23 iyul 2011 - Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 -23.7.2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun ifasında muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı” və s.) teleradionun “qızıl fond”unda saxlanılır.
25 iyul 1935 - Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.
25 iyul 1935 - Şair, publisist Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.
Dünya
22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Dəmir maskalı adam” və s.
22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.
23 iyul 1884 - Alman aktyoru, «Oskar» mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.
23 iyul 1888 - Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.
23 iyul 1915 - Rus şairi, bir çox populyar mahnıların sözlərinin müəllifi Mixail Matusovski (1915-1990) anadan olub.
24 iyul 1802 - Fransız yazıçısı, tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 - 5.12.1870) anadan olub. Əsərləri: "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq", “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.
24 iyul 1803 - Fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan, 1803-1856) anadan olub. «Jizel» və «Korsar» baletlərinin müəllifidir.
24 iyul 1828 - Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (roman), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.
24 iyul 1857 - Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917) Henrik Pontoppidan (1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.
24 iyul 1931 - İtalyan rejissoru Ermano Olmi anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann festivalının qalibi), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya festivalının qalibi) və s.
25 iyul 1905 - Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905-1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. F.Kafkanın ənənələrini davam etdirərək dünyanın absurdluğundan bəhs edən əsərlər yazıb: “Göz qamaşma”, “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.
25 iyul 1929 - Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 - 2.10.1974) anadan olub. “Sizə azadlıq verməyə gəlmişəm” romanının, hekayələrin müəllifidir. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rolun ifaçısı).
25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair, bəstəkar, aktyor Vladimir Semyonoviç Vısotski (25.1.1938 - 1980) vəfat edib. “Kiçik tragediyalar”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib. “Görüş yerini dəyişmək olmaz” telefilmində oynadığı Qleb Jeqlov roluna görə 1987-ci ildə SSRİ Dövlət mükafatına (ölümündən sonra) layiq görülüb.
Hazırladı: Vüqar Orxan