Kazım Qarabəkir paşanın xatirəsi qardaş Azərbaycanda hər zaman ehtiramla anılır
Qardaş Türkiyənin hərb və siyasət tarixinin tanınmış simalarından olan Kazım Qarabəkir Azərbaycanın istiqlal və dövlətçilik salnaməsində də tarixi iz qoymuş şəxsiyyətdir.
O, 1882-ci il iyulun 22-də İstanbulda Mehmet Əmin paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlib. Ata tərəfdən kökləri oğuz türklərinin Əfşar tayfasına gedib çıxır.
Kazım Qarabəkir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın silahdaşlarından biri olub. Ali hərbi təhsil aldıqdan sonra (1912-1913) Birinci Dünya müharibəsində (1914-1918) iştirak edib. Hərbi sahədə xidmətlərinə görə 1918-ci ildə diviziya generalı, sonra ordu generalı (“Paşa”) rütbəsinədək yüksəlib.
Kazım Qarabəkir Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin erməni silahlı süvarilərinin təcavüzündən müdafiəsində mühüm xidmətlər göstərib. Həmin ərazilərin müdafiəsi Osmanlı ordusunun onun komandanlıq etdiyi I Qafqaz korpusuna həvalə olunmuşdu.
Həmçinin Türkiyənin İstiqlal savaşında (1918-1923) fəal iştirak edib. Şərq cəbhəsinin komandanı kimi bir sıra əzəli türk torpaqlarının geri qaytarılmasında, erməniləri sülh bağlamağa məcbur etməsində əvəzsiz xidmətlərinə görə “İstiqlal ordeni”nə layiq görülüb.
Bu müddətdə Azərbaycanda baş verən hadisələrlə daim yaxından maraqlanıb, Naxçıvan bölgəsini Azərbaycanın tərkib hissəsi kimi təsbit edən Qars müqaviləsinin (1921, Rusiya, Türkiyə və Cənub Qafqaz respublikalarının iştirakı ilə bağlanan sərhəd anlaşması) hazırlanmasında bilavasitə iştirak edib.
Naxçıvanın mədəni həyatı ilə də yaxından maraqlanan Kazım Qarabəkir şəhərdə teatrın fəaliyyətinin bərpa edilməsi, Naxçıvan teatrında türk yazıçılarının dram əsərlərinin tamaşaya qoyulması, tədris müəssisələrinin açılması, məktəblər üçün Türkiyədən çoxlu sayda dərsliklərin gətirilməsinə köməklik göstərib.
Hərbi vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verən və nizami ordu quruculuğunun vacibliyini nəzərə alan Kazım Qarabəkir paşa bu işi öyrənmək üçün bir qrup gənci Türkiyə məktəblərinə oxumağa göndərib.
Türk xalqının istiqlal mücadiləsi başa çatdıqdan sonra ordudan tərxis olunan Kazım Qarabəkir millət vəkili kimi fəaliyyət göstərib, 1946-cı ildə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
1948-ci il dekabrın 26-da Ankarada vəfat edib.
Onun xatirəsi vətəni ilə bərabər, tarixi xidmətlər göstərdiyi Naxçıvanda da əbədiləşdirilib. Naxçıvan şəhərində Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən onun adına məscid inşa edilib. 1999-cu il oktyabrın 13-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə məscidin açılışı keçirilib. Mərasimdə Kazım Qarabəkir paşanın qızı Timsal Qarabəkir xanım iştirak edib.