Bakı məktəbliləri üçün Qusar və Quba rayonları ərazisində yay düşərgələri təşkil edilib.
Paytaxtın Səbail rayonundakı ümumtəhsil müəssisələrinin 150-dən çox şagirdi Qusarda, Nəsimi rayonu məktəblərində təhsil alan 200 şagird isə Qubada təşkil olunan yay istirahət düşərgələrinə yola salınıb.
Məktəblilər düşərgələrdə dincəlməklə yanaşı, Qusar və Quba rayonlarının ərazisindəki səfalı və tarixi yerləri gəzir, idman yarışlarında, intellektual oyunlarda iştirak edirlər. Həmçinin şagirdlər hərbi hissələrdə əsgərlərin gündəlik həyatı və yaradılan şəraitlə tanış olurlar.
Düşərgələrin təşkil edilməsində əsas məqsəd məktəblilərin yay istirahətinin səmərəli keçməsini, onların sağlam böyüməsini, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdir.