Tək elə füsunkar yox, gözəl yox, həm də tamamilə bənzərsiz, başdan-başa özəl Səs-Səda sahibi Sabir Mirzəyev...
Cəmiyyət mayalı bu avaz - öz təbii-tanrısal məlahətləri müqabilində tarixən dar-darısqal qəfəslərlə “mükafat”landırılan təbiət sakinlərininkindən də ləli-lətifi!
Bu sənətkar “heç kimin deyil, - hamınındır!” mənsub-məxsusiyyətli muğam xəzinəsinin saysız-hesabsız xanəndələr tərəfindən ifa olunmuş “Çahargah” külçəsinin ən mahir zərgər-müəllifi...
Sözün burdan beləsini onun özünüifadə vasitəsilə - özü də, hamıdan çox sevib-oxuduğu, ən ucqar, ən “kəndçi” toylarda belə geniş yer verdiyi ulu Füzulinin vəhyi-möhür qəzəllərindən birinə ad elədiyi SÖZlə yox, bəndəniz tərəfdən aşıq-ozan “ərz”i olan sazla yazılmalı, siz tərəfdənsə... elə eləcə oxunmalı. Amma elə də çox yox, ta növbəti yarımbaşlığadək...
Beləliklə;
Bu səs, bu nəfəs gül-gül zəngulələr ahəngi, xal-xal “xırdalıq”lar nəhəngi...
Bu avaz dədə-baba yollu, bu səda kəklik-turac hovlu. “Bəm”lər aşiq-məşuq pıçıltıları, “zil”lər tufan-qasırğamisal, kəhər-köhləntimsal...
“Bəstə-Nigar”ı könül yuxusuzlarını, eşq yatmazlarını laylalayan çiskin yaz damcıları, kəskin payız leysanları...
Mahnı və təsniflərindən “Nazlana-nazlana”sı - zövqümüzün səmasında, hər görəndə rəngbərəng göy qurşağına yansıtdığımız “Fatma xalanın hanası”, “Aşiqəm”inə - təzə-təzə könül açanlar “Kərəm olub, yanası”, salxım-salxım gilənənən “Gülə-gülə”si - qırımlarından qır damızdırmağa çalışan nazənin qızların dodaqlarına təbəssüm gülabı sıxası...
Günlərin hansı bir günü, könlünün hansı bir anındasa qeyri-adi bir cuşa gəlib möhürlədiyi “Çahargah”ı isə, öz zəlzələvi guşələrilə huşyar zövqlərin fövqünə qalxmaqlıq, pünhani “nüktə”lər, hikkəvi ciknələrlə insan səsi normativinin axırına çıxmaqlıq...
Və bu bədii-sentimental sətirlərin ardınca, izhari-rəsmi reallıq -
Qısaca bir “tərcümey-hal”lıq
Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunun Bayxanlı kəndində - bölgənin ünlü xanəndəsi Nüsrət Mirzəyevin ailəsində doğulub. Böyük sənət aləmi fəaliyyətinə 1960-cı ildə başlayıb, 50 ilə yaxın bir müddətdə təkrarsız səsi, gözəl ifaları ilə rəsmi tədbirlərdə, el-obanın toy-büsat şənliklərində, radio-televiziya dalğalarında çıxışlar edib, Dövlət Filarmoniyasında, “Azərkonsert” birliyində çalışmaqla, ürəkdən sevdiyi və sevildiyi xalqın xidmətində olub.
Özündən öncəki ustadların ifaçılıq ənənələrinə istedadlı və bacarıqlı varis ləyaqətilə yanaşan, bu qədim qeyri-maddi irsi yaşatmağa çalışan S.Mirzəyevin özü də, bənzərsiz səsi, ifa üslubu ilə milli musiqi sənəti tariximizin qızıl səhifələrinə düşüb.
Böyük muğam aləmimizə ayrıca canlı bir guşə timsalında gələn, ifa etdiyi bir çox mahnı, təsnif və muğamları (“Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşiqəm”, “Çahargah”, “Rast”, “Şahnaz”, “Segah”) Azərbaycan radiosunun “qızıl fondu”nda qiymətli sənət inciləri kimi qorunub-saxlanan, 2007-ci ildə “Əməkdar artist” adına, habelə Prezident təqaüdünə layiq görülən Sabir Mirzəyev 23 iyul 2011-ci ildə vəfat edib.
Sözü də Səsi kimi...
İfaları ürəyə noğul nağıllar kimi yatan bu xanəndənin danışığında da bir bənzərsizlik vardı. Lakin bu orijinallıqları içrə birisi də olub ki...
Bəli, bu sənətkar heç də az yaşamadı, amma, təəssüflər ki, günü günün, ili ilin güdazına verə-verə, Tanrı lütfü olan bu ecazkar Səsin lent-yaddaşlara düşməsinə az cəhd elədi. Ancaq, deyim ki, onun bu günahının bir parası da biz xalqın öz boynunda; o dövrlərdə oğul evləndirib-qız köçürənlərin hansı biri öz toyunda Sabir Mirzəyevi görmək istəməzdi?!.
Nəysə... Keçək bu “qədrinibilməz” sənətkarın vaxtilə qəzetlərə, radio-televiziyalara verdiyi müsahibələrin “xülasə”sinə:
“Mənim atamın da bütün cənub bölgəsinə sığmayan səsi vardı. Ancaq Bakıya gəlmədi. Yaxın dostlarının dediklərinə görə, orda onun səsinə həddən ziyadə vurğun olanların xatirinə uzaqlaşmaq istəmirmiş. Tanış-bilişinin mənim “bülbül cəh-cəhim” haqda söhbətlərini isə çox da ciddiyə almırdı. Mən 6-cı sinifdə oxuyarkən duyuq düşdü və dedi ki, xanəndə olmaq istəyirsənsə, zəhmət çək, özün öyrən, gözünün qabağında ata-müəllim var. Necə ki, sənin rəhmətlik babaların mənim cəh-cəhlərimə ancaq “bəh-bəh” ediblər, başqa heç nə.
Babalarım Cənubi Azərbaycanın Qaradağ vilayətindəndilər. O yerlərin hamısını öz gözlərimlə görəndən sonra anladım ki, Güneyimizdə də muğamın əsas beşiyi Qaradağdır.
Bizim kəndimiz də Cənubi Azərbaycanla sərhəddə, dağlıq ərazidə, axar-baxarlı bir yerdədir.
Bir gün atam vaxt eləyib kiçik qardaşımla mənə qulaq asdı, dedi: “Habildən oxuyan olacaq, amma sən heç. Çünki utancaqsan”.
Düz deyirdi, yaman utancaq idim. Ovaxtlar mənim ən fəal “dinləyicim” kəndin kənarındakı yastı bir dağ yamacı idi...”
“1957-ci il idi. Cəlilabadda orta məktəbdə oxuyurdum. SSRİ rəhbəri Xruşşovun respublikamıza gəlişi münasibətilə keçirilən “Çiçəklənən Azərbaycan” festivalına məni də yazdılar. Birinci yeri tutdum. Oxuduğum “Şahnaz” nəinki festival jürisinin, hətta böyük Seyid Şuşinskinin də diqqətini cəlb edibmiş. Həmin müsabiqədə tarçalan gənclərdən biri məni ustadın evinə apardı. Ağa məni diqqətlə dinlədi, bəyəndiyini bildirdi və dedi: “Hə, indi dur get, 17 yaşının tamamından sonra gələrsən. O vaxta səsin dəyişməsə, mənim bu əla münasibətim də dəyişməyəcək...”
“Kənd-kəsək konservatorluğu” edən atası onu Bakıya buraxmaq istəməsə də, xəlvəti olaraq Bakıya gəlib, Musiqi Texnikumunda qabiliyyət imtahanından əla qiymət alan Sabir tələbə adını qazanır və...
“Avqustun 26-sı idi, bir cəlilabadlı qohumun toyu münasibətilə Bakıya gəlmişdik. Məclis bitdi, qayıdanda, “Beşmərtəbə”nin yanında maşını saxlatdırıb düşdüm. Təəccüblə mənə baxan atama: “Hə, ata, siz gedin, bu tələbə isə burda qalıb, dərslər başlayana qədər kirayə ev axtarsın”, - dedim...
...Xoşbəxtlikdən sənət müəllimim Seyid Şuşinski oldu! Muğamımızın ağa sənətkarının dərslərindən doymaz, hərdən evinə də gedib, öyrəndikcə öyrənərdim. Hələ əfsanəvi Xan əmi, Zülfü Adıgözəlov kimi nəhənglərdən əxz etdiyim sehrlər-sirlər...”
Həmin sehr-sirlərdən doğan izlər...
Bu qəribə avazın sorağı paytaxt aləminə də yayılır və bir gün təkrarsız tarzən Hacı Məmmədov Sabirin səsini lentə almaq qərarına gəlir. 1961-ci ildə onun ifasında “Mirzə Hüseyn” segahı lentə köçürülür və...
“Doğrudan da, ifa çox gözəl alındı, radioda tez-tez səsləndirilməyə başladı. Lakin təxminən 6 aydan sonra onu yenidən səsləndirmək istədikdə, itdiyini dedilər. Yaman pərt oldum...”
“1965-də Baba Salahov ansamblının müşayiətilə “Bəstənigar” və “Hisar” təsniflərim lentə alındı. Dedilər, bunlar “möhür-ifalar” olacaq. Dostlar məni “Bəstənigar” - deyə çağırırdılar...”
“Bir gün dedilər Adil Bəbirov Rübabə Muradovanın ifasında mahnıları lentə alır. Yığışıb getdik studiyaya. Lakin həmin məqamda Rübabə xanımın səsinin yerində olmaması üzündən lent yazılışı alınmadı. Və birdən Adil müəllim məndən səsimin yerində olub-olmadığını soruşdu. Dedim, pis deyil, dedi “dörd saat vaxtımız var, gəl, sənin səsini yazaq”. 20 dəqiqəlik məşqdən sonra, heç bir fasilə etmədən “Çahargah”ı, “Dəşti”ni, “Aşiqəm”i oxudum və tamamilə qüsursuz bir lent yazısı alındı...”
Belə... Neçə illərdi bizim “fitrətən” hesab edib, “zərurətən” dinlədiyimiz bu mükəmməl ifalar, sən demə, təsadüfən yazılıbmış...
Bu xatirələrdən doymaq olmasa da, gəlin, bu yazını onun “Uzun ömrün akkordları” telefilmindəki məşhur, təkrarsız, ürəkləri riqqətə gətirən “cəh-cəh” sədalarını dinləyə-dinləyə başa vuraq...
Tahir Abbaslı