İyulun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib.
Milli mətbuat günü münasibətilə keçirilən konfransda çıxış edən komitənin sədri Hicran Hüseynova Azərbaycanın inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ötən 25 il ərzində bütün sahələrdə olduğu kimi, media sahəsində də mühüm irəliləyişlər baş verib. Bu, ilk növbədə dövlətimizin başçısının müstəqil mətbuatın formalaşmasına və inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, milli mətbuatımız yarandığı gündən cəmiyyəti düşündürən, onun mənafeyinə uyğun maarifləndirmə işləri aparır. Mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirən Ərəstun Mehdiyev deyib: “Mətbuat xüsusən cəmiyyət üçün ağrılı problemlərin aradan qaldırılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatı hər zaman xalqla bağlı olub, onun tərəqqisi naminə var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuat Azərbaycan dövlətçiliyinin inkişafında, qarşıya çıxan problemlərin həllində mühüm rol oynayıb. Ölkəmizdə jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır".
Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salan Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva qeyd edib ki, jurnalistlərimiz milli və dini dəyərlərə bütün dövrlərdə hörmətlə yanaşıblar: “Biz bu gün həyatımızı informasiyasız təsəvvür etmirik. Odur ki, bu bayram təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır. Azərbaycan mətbuatı şanlı tarixə malikdir və biz bununla fəxr edirik. Ölkəmizdə mətbuat və söz azadlığı təmin edilib. Biz hamımız bu azadlıqdan məsuliyyətlə istifadə etməli, cəmiyyətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və zənginləşməsinə öz töhfəmizi verməliyik”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkəmizdə KİV üçün yaradılan imkanlardan danışıb, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.