AMEA-nın Folklor və Ədəbiyyat institutlarının birgə təşkilatçılığı ilə bu ilin sentyabr ayında “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçirilməsi planlaşdırılır.
Bu il anadan olmasının 110 ili tamam olan Məmmədhüseyn Təhmasibin Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, araşdırılması sahəsində mühüm xidmətləri var. O, 1940-1970-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və kitabların ərsəyə gəlməsində, xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışıb. “Azərbaycan folkloru kursu”, “Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar)”, “Azərbaycan xalqının qəhrəman oğulları”, “Çiçəkli dağ (nağıl-pyes)”, “Azərbaycan xalq dastanları” və s. kitabların müəllifidir.
Professor Məmmədhüseyn Təhmasib ədəbi yaradıcılıqla da məşğul olub. "Bahar", "Aslan yatağı", "Çiçəklənən arzular", "Hind nağılı", "Rübailər aləmində" və başqa pyes-nağılları respublikanın teatrlarında tamaşaya qoyulub. "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmlərinin ssenarilərini yazıb.
Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini 7 sentyabr 2017-ci il tarixinədək tehmasib.folklor@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
S.Qaliboğlu