İsrailli jurnalist Bakıda tələbələrə mühazirə oxuyub
İyulun 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, israilli alim Brenda Şaffer, Hayfa Universitetinin professoru Avina Am İdan və tanınmış jurnalist Yaron Londonla görüşüb.
ADU-da İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini deyən K.Abdulla Azərbaycan və yəhudi xalqlarının münasibətlərinin zəngin tarixə malik olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda yaşayan yəhudi xalqının nümayəndələri arasında ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Milli Qəhrəman adına layiq görülmüş şəxslər var. İbri dili kimi Azərbaycan dilinin də qədim tarixi və mədəniyyəti əks etdirdiyini deyən K.Abdulla buna “Kitabi-Dədə Qorqud” dastanını misal çəkib.
Azərbaycana ilk dəfə gəldiklərini söyləyən Y.London azərbaycanlıların və yəhudilərin öz mədəniyyətləri ilə tanınan xalqlar olduğunu bildirib: “Mən belə hiss edirəm ki, azərbaycanlılarla biz öz mədəniyyətimizi qorumaq baxımından çox oxşarıq. Azərbaycan elə bir ölkədir ki, biz burada özümüzü evimizdəki kimi hiss edirik”.
İsrailli jurnalist ADU-nun israilşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “İbri dilinin dirçəlməsi” mövzusunda mühazirə oxuyub. O deyib: “Biz bilməliyik ki, dil mədəniyyətin göstəricisidir. Dünyada mövcud olan bütün xalqların dili və əlifbası tarixi proseslər zamanı dəyişikliklərə məruz qalıb. Azərbaycan və İsrail xalqları qədim tarixi köklərə söykənən dil mədəniyyətinə sahibdir. Hər iki xalq öz dilini müxtəlif istilalar zamanı qoruyub saxlamağa müvəffəq olub”.
Sami dil ailəsinə daxil olan, eyni zamanda İsrailin rəsmi dövlət dili olan ibri dilinin yaranması və tarixi inkişaf mərhələləri haqqında, eləcə də ibri əlifbası barədə tələbələrə ətraflı məlumat verən Y.London onların suallarını cavablandırıb.
Sonda o, müəllifi olduğu “Canlıların karnavalı” kitabını ADU-nun İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinə hədiyyə edib.