AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universiteti Muzeyinin birgə ekspedisiyası “Avey” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində arxeoloji tədqiqatlara başlayıb.
2015-ci ildə Tokio Universitetində ingiliscə dərc edilən Azərbaycan-Yaponiya arxeoloqlarının birgə kəşfiyyat xarakterli tədqiqatlarının hesabatında Cənubi Qafqazda ilk neolit (e.ə. 7-ci minillikdən e.ə. 6-cı minilliyədək) mədəniyyəti, əcnəbi mənşəli ərzaq istehsal edən iqtisadiyyata malik daha qədim yerli mezolit (e.ə. 12 minillikdən e.ə. 8-ci minillik arası) icmaları tərəfindən yaradıldığı ehtimal olunur. Amma mezolit icmalarının arxeoloji detalları və arxeoloji landşaftı hələlik tam aydın deyil. Vaxtilə azərbaycanlı tədqiqatçılar regionda Damcılı və Daş Salahlı kimi mezolit obyektlərini aşkar ediblər ki, bu da dünya arxeoloqları arasında ciddi maraq doğurub.
Yaponiya tərəfindən arxeoloqlar Hiroto Nakato Çia Akaşi, Seyci Kadovaki, Kazuya Şimoqama, Sayci Arai, Hirose Masato, Toru Tamura, Humika İkeyama və Azərbaycan tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutunun neolit dövrü vulkanik mənşəli daş alətlər üzrə ixtisaslaşan əməkdaşı arxeoloq Şahin Səlimbəyov ərazidə tədqiqatlar aparırlar.
Beynəlxalq ekspedisiyanın arxeoloji araşdırmaları iyulun 30-dək davam edəcək.