Azərbaycan
26 iyul 1915 - Teatr rejissoru, pedaqoq Əliheydər Ələkbərov (1915 - 3.3.1975) anadan olub. Yaradıcılığının böyük qismi Akademik Milli Dram Teatrı ilə bağlıdır. Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib.
26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919, Qazax - 1995) vəfat edib. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.
26 iyul 2008 - Xalq rəssamı, Əməkdar incəsənət xadimi Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925, Laçın - 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
27 iyul 1991 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının qurucusu Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7. 1991) vəfat edib. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
27 iyul 2012 - Müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (20.3.1945 - 2012) vəfat edib. Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub.
28 iyul 1935 - Bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.9. 2006) anadan olub. Müxtəlif janrlarda əsərlərin - simfoniya, oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", “Çanaqqala"), opera (“Ölülər", “Natəvan"), kantata və mahnıların müəllifidir. “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Kişi sözü” və s. filmlərə musiqi yazıb. Bəstəkarlar İttifaqına rəhbərlik (2000-2006) edib.
28 iyul 1937 - Görkəmli bəstəkar, dirijor, pedaqoq, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9. 1885 - 1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarını yazıb. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. “Radio marşı”nın müəllifidir.
Dünya
26 iyul 1875 - İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875-1961) anadan olub.
26 iyul 1856 - Görkəmli ingilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 - 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti” , “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
26 iyul 1885 - Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois - əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.
26 iyul 1894 - İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.
26 iyul 1928 - Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.
26 iyul 1964 - Amerika aktrisası Sandra Ballok (Sandra Annette Bullock) anadan olub. Filmləri: “Sürət”, “Dağıdıcı”, “28 gün”, “Görünməyən tərəf” (“Oskar” laureatı, 2010).
27 iyul 1824 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas, fils; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və eyniadlı pyes), “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan”, “Üç güclü kişi” (povest) və s. “Kameliyalı qadın” əsasında Cüzeppe Verdi “Traviata” operasını yazıb.
27 iyul 1835 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906) Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.
27 iyul 1853 - Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.
27 iyul 1915 - İtaliya opera müğənnisi, məşhur tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.
28 iyul 1750 - Böyük alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 - 1750) vəfat edib. Operadan savayı bütün musiqi janrlarında mindən çox əsər yazıb, o cümlədən: 200-dən çox kantata, 250-dək orqan musiqisi və s.
28 iyul 1812 - Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski, 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.
28 iyul 1866 - İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.
28 iyul 1887 - Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən Marsel Düşam (Marcel Duchamp, 1887-1968) anadan olub.
28 iyul 1902 - İngilis filosofu, “Açıq cəmiyyət” nəzəriyyəsinin yaradıcısı Karl Popper (Karl Raimund Popper, 1902-1994) anadan olub.
28 iyul 1906 - Rus rəssamı Fyodor Reşetnikov (1906-1988) anadan olub. Sosrealizmin məşhur nümayəndəsidir. Əsərləri: “Yenə iki”, “Tətil başlanır”, “Sülh uğrunda” və s.
Hazırladı: Vüqar Orxan