Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi haqqında elektron toplu hazırlanır 
   
   "Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin nəticələrindən bəhs edən elektron toplunun hazırlanmasına başlayıb. 
   İctimai birlikdən verilən məlumata görə, layihə üzrə yaradılacaq “Voyna bez pravil” (“Qaydasız müharibə”) adlı elektron resurs Ermənistanın ölkəmizə qarşı 25 ildir davam edən hərbi təcavüzünün tam mənzərəsini (etnik təmizləmə, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, təbii sərvətlərin istismarı, tarixi abidələrə qarşı vandalizm, yer adlarının dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan) əhatə edəcək.
   Tarix boyu bütün müharibələr qırğınlar, dağıntılar, talanlarla yadda qalıb. Amma onların hamısı amansız olmayıb, bəzi savaşlarda qadın, uşaq və qocalara rəhm edilib, dini inanc yerləri, məzarlıqlar, tarixi-mədəni abidələr dağıdılmayıb. XIX əsrin sonlarında bununla bağlı beynəlxalq konvensiyalar qəbul olunub və müharibələrin, belə demək mümkünsə, ümumi qaydaları müəyyənləşib. 
   Ermənistanın Azərbaycana qarşı başladığı müharibə ilk günlərdən qəddar, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə, soyqırımı, vandalizm aktları ilə müşayiət olunub. Bu barədə bir çox sübutlar, faktlar var. Amma bizim bildiyimiz həqiqətləri dünyaya daha geniş şəkildə yaymaq lazımdır. “Voyna bez pravil” elektron toplusu bu məqsədə xidmət edir və Ermənistanın işğalçılıq əməllərinin rusdilli internet məkanında yayılmasına zəmin olacaq. Elektron toplu Effektiv Təşəbbüslər Mərkəzinin www.azerbaycanli.org saytında yerləşdiriləcək.
   Dörd ay müddətində icra olunacaq layihə ictimai birliyin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2009-cu ildən reallaşdırdığı “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet platformasının növbəti mərhələsidir. İndiyədək bu platformada Azərbaycan və rus dillərində “Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı” və s. elektron resurslar yaradılıb.