İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “İslam həmrəyliyi ili”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində elektron kitabların təqdimatı keçirilib.
Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin direktoru Əhməd Sami Əl-Aydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edib. Nəşrlər arasında müasir ərəb və Misir tarixçilərinin əsərləri, “Müasir İslam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar, bundan əlavə fəlsəfə, uşaq ədəbiyyatı, şeir, hədis və lüğətlər də var.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov kitab hədiyyəsini yüksək qiymətləndirib. Akademik deyib ki, Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları ərəb dilində də çap olunub.
Misir səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin fəaliyyətini təqdir edən Y.Mahmudov Tarix İnstitutunun əməkdaşları üçün ərəb dili kurslarının təşkil olunduğunu diqqətə çatdırıb.
Əhməd Sami Əl-Aydi qeyd edib ki, Azərbaycan ilə Misir arasında əlaqələrin dərin tarixi kökləri var. O, 1999-cu ildən Bakıda fəaliyyət göstərən Misir səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzi haqqında məlumat verib.