Beynəlxalq multikulturalizm yay məktəbi təşkil olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumların iştirakı ilə Qax rayonunda “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbi təşkil olunub. Yay məktəbinin iştirakçıları iyulun 27-də tanışlıq məqsədilə Qəbələ rayonuna səfər ediblər. 26 ölkədən 60 tələbə Qəbələ rayonunun tarixi məkanları və turizm obyektləri ilə tanış olublar.
Qonaqlara əvvəlcə Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsi haqqında məlumat verilib. Bildirilib ki, Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır.
Sonra tələbələr “Tufandağ” Qış-yay turizm istirahət kompleksində olublar. Qonaqlar kanat yolu ilə dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Yay məktəbinin iştirakçılarına Qəbələ ilə tanışlıq zamanı rayonun qədim tarixi, müasirliyi, yerli əhalinin məşğuliyyəti, sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, uğurlar barədə məlumat verilib. Bildirilib ki, 2500 il yaşı olan qədim Qəbələ şəhəri 900 il ərzində Qafqaz Albaniyasının paytaxtı olub.
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Qəbələdən xoş təəssüratlarla ayrılıblar.