İyulun 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.
Naxçıvan teatrında ilk dəfə səhnəyə qoyulan “Göy quş” pyesi nikbin ideyaları təlqin edir. Uşaq nağılı poetikasında yazılmış fəlsəfi əsər müdrik və ibrətamiz duyğular aşılayır. Tamaşada odunçunun oğlu Tiltil və qızı Mitilin qonşudakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli Göy quşun axtarışına çıxması, xoşbəxtliklər bağı, xoşbəxt gələcək dünyalarına səyahətlərindən bəhs olunur. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar. Onlar başa düşürlər ki, xoşbəxtlik simvolu olan Göy quş hər kəsin öz qəlbindədir. Tamaşadakı uşaq obrazları bəşəriyyətin xoşbəxt gələcəyini simvolizə edərək əsərin ideyasının açılmasına imkan verir.
Əməkdar artist Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Əməkdar rəssam Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Azərbaycanın əməkdar artistləri Behruz Haqverdiyev, Əli Əliyev, muxtar respublikanın əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova, gənc aktyorlardan Heyran Abdullayeva, Vəli Babayev, Şölə Novruzbəyli və Fatimə Yusifli əsərin uğurlu səhnə həllinə nail ola biliblər.
Tamaşadan sonra muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb. O, muxtar respublikanın Bilik Fondunun tədbirlər planına uyğun olaraq hər il müxtəlif janrlarda əsərlərin seçilərək Naxçıvan teatrında səhnəyə qoyulduğunu diqqətə çatdırıb. Belə nümunələrdən biri də Moris Metterlinqin “Göy quş” fəlsəfi əsəri əsasında hazırlanmış tamaşadır. Vurğulanıb ki, Naxçıvan teatrında tarixi, dram, komediya və digər janrlarda əsərlər oynanılıb. Son dövrlərdə fəlsəfi janrda yazılmış əsərlər də səhnəyə qoyulur və tamaşaçılar tərəfindən maraqla qarşılanır.