“Salnamə” kinostudiyasında yeni sənədli film çəkilir
   
   Bu il Azərbaycanda futbolun 100 illiyi tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında “100 il. Futbol Azərbaycanda” adlı sənədli film çəkilir.
   
   Ekran əsərinin ssenari müəllifi və rejissoru Arzu Urşan film haqda məlumat verdi: “Filmdə futbolun Azərbaycanda yaranma tarixini, tanınmasını, arxivlər, fotolar, videomateriallar, tapdığımız faktlar əsasında analiz aparıb yüz il ərzində nələr baş verdiyini tam təsvir edəcəyik. Bəzən deyirlər ki, Azərbaycan futbol ölkəsi deyil, ancaq tarixi faktlar tam əksini göstərir. Mən idmana bir o qədər də yaxın insan deyiləm. Lakin apardığım araşdırma zamanı tam əminliklə bu qərara gəldim ki, biz futbol ölkəsiyik və fəxr etməyə çox şeyimiz var. Bunu filmdə göstərməyə çalışacağıq”.
   Müəllif onu da qeyd etdi ki, Azərbaycanda futbolun yaranma tarixini göstərmək üçün arxivlərdə kifayət qədər videomaterial yoxdur: “Kinoda isə informasiyanı göstərmək lazımdır. Filmdə futbol məktəbindən uşaqlar, peşəkar futbolçular çəkiləcək. Qəbələdə kiçik futbol akademiyası var və orada məşğul olan uşaqlara ingilis mütəxəssislərin necə məşq keçməsini göstərəcəyik. Həmin uşaqların ailələri, yaşam tərzi də filmdə yer alacaq. Bəzi bədii səhnələrin çəkilməsində ingilislər bizə yardım edəcəklər. İngilislər futbolu bizim ölkəyə gətirdilər və biz filmdə Xəzər dənizi sahilində ingilislərin əsrin əvvəlində necə futbol oynadığını göstərəcəyik. BP şirkəti bu işdə bizə yardımçı oldu. Azərbaycana futbolun gəlməsinin bədii həllini verməyə çalışmışıq və yerli oğlan uşaqlarının gözü ilə futbol sehrinin, sevgisinin onlara necə keçdiyini göstərəcəyik”.
   Filmdə Azərbaycan futbolunun ulduzlarından Tofiq Bəhramov, Ələkbər Məmmədov, Yuri Kuznesov, Kazbek Tuayev, Valeri Hacıyev, Cingiz İsmayılov və s. başqalarından söhbət açılacaq.
   Müəllifin sözlərinə görə, çəkilişlər Bakıda, Qəbələdə olub, Moskvada da çəkilişlər aparılacaq: “Avqustun 2-də Moskvada Yuri Kuznesovun yubileyi qeyd olunacaq. Yubileyi çəkmək üçün ora gedəcəyik”.
   52 dəqiqəlik, tammetrajlı, rus və Azərbaycan dillərində olacaq sənədli film sentyabrda təhvil verilməlidir. Filmin operatoru Nadir Mehdiyev və rusiyalı Yuri Yermolin (sonrakı çəkilişlərdə iştirakı nəzərdə tutulub), rejissor assistenti Kəmalə Zəkiyeva, bəstəkarı Cəmil Əmirov, rəssamı isə Fikrət Ələkbərovdur. Filmin montajı Rusiyada aparılacaq.
   Müəllif onu da bildirdi ki, filmi sentyabrda Rusiyada, oktyabrda isə İtaliyada beynəlxalq idman filmləri festivalında təqdim etmək niyyətindədir.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar