2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdu. Ərazidə birhəftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında arxeoloji irsi kompleks tədqiq etmək üçün üçtərəfli - “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokio Universiteti arasında beynəlxalq memorandum imzalanmışdı. 2016-cı ilin avqustunda qoruq ərazisində yerləşən dünya əhəmiyyətli abidə - Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanmışdı.
2017-ci il iyulun 17-dən başlayaraq artıq ikinci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılara başlayıb. Qazıntılar zamanı torpaq horizontal təbəqəyə bölünüb, müxtəlif dövrlərə aid nümunələr tapılıb. Ekspedisiya tədqiqatları 2018-ci ildə davam etmək şərtilə iyulun 30-da işləri yekunlaşdırıb.
Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Bu il aparılan qazıntılar nəticəsində buna nail olunub.
Aparılan qazıntıların nəticəsi olaraq və 28 iyul - Dünya arxeologiya günü münasibətilə qoruğun “Damcılı” filialında arxeoloji ekspedisiyadan əldə olunan nümunələrdən, qoruq ərazisində tapılan eksponatlardan ibarət sərgi təşkil edilib.