AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən “Risalə” araşdırmalar toplusunun XIII cildi nəşr olunub.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, akademik Rafael Hüseynovdur. Muzeyin beş topludan ibarət elmi tədqiqat “Xəmsə”sinə daxil olan “Risalə” toplusunun bu cildində gənc alimlərin məqalələri yer alıb. Müəlliflər arasında elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan tədqiqatçılar var. “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi-mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” başlıqlı məqalələr qədim və müasir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktual problemlərini əhatə edir.
Nəşrin redaksiya heyəti filologiya elmləri doktorları Kamil Allahyarov, Xatirə Bəşirli, Şəfəq Əlibəyli və Aidə Qasımovadır.
Qeyd edək ki, “Risalə” toplusu ildə bir dəfə nəşr olunur. Toplu məzmun etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir.