Azərbaycan Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” adlı layihə həyata keçirir. Layihənin məqsədi unudulmaqda olan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. 
   4-20 sentyabr tarixində muzeydə “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərsləri tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksiyaçı, müstəqil sərgi kuratoru Raisat İsmayılova keçəcək. 
   R.İsmayılova 1996-cı ildən A.Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru olub, nəşr layihələrinə rəhbərlik edib. Hazırda bacısı Cəvqərət Monakova ilə birgə Dağıstanın qədim xalq sənəti nümunələri olan kaytaq və usişin tikmə növləri üzrə ustad dərsləri keçir, XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
   Ustad dərsləri Azərbaycan və rus dillərində təşkil olunacaq. Dərslər pulsuzdur. İştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyəti olan şəxslər iştirak edə bilərlər.
   İştirakçı kimi qeydiyyatdan keçmək üçün bu elektron ünvana müraciət etməyiniz xahiş olunur: carpetmuseum.baku@gmail.com 
   Ustad dərsləri ilə yanaşı, Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. Sərgidə müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi təqdim olunacaq.
   Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.