Dünya dirijorları arasında bənzərsiz “Karmen”, “Sevilya bərbəri” və “Koroğlu” operalarının şahanə uvertüraları qədər atomanə MAESTRO!..
   
   Hansı qitənin hansı ölkəsinin hansı salonunda olubsa, bütün dinləyicilərin intəhasız sevgisini qazanan, ən müxtəlif musiqi janrlarında yazılmış əsərlərin ideya məzmununa dərindən nüfuz edib, onlardakı ən mürəkkəb konsepsiya və üslub xüsusiyyətlərini kompleksal şəkildə açıqlamaqla hamını məftun edən ali sehrkar!
   
   Adı dünyanın ən görkəmli dirijorları sırasında çəkilən, həyatı boyu əcnəbi şedevrlərin, böyük Azərbaycan bəstəkarlarının yeni əsərlərinin ilk ifasının ilk interpretatoru, fantastik musiqi duyumlu, notlarda əks olunmuş bütün səsləri heyrətamiz bir uyarlıqla fərqləndirə bilən bir sənətkar! 
   Fenomenal musiqi yaddaşlı, partituraları nəzərdən keçirərkən not vərəqlərini bir-birinin ardınca “yaddaş fotosu” edən, hakim nöqtə-mövqeyində olduğu salonda vəhdətə “məhkum” etdiyi tamaşaçı-orkestr birliyinə magik təsir qabiliyyətli bir dahi!.. 
   
   Hələ...
    
   Mən, uzun illər onun barmaqlarını nəyəsə bənzətmək istəmişəm, alınmayıb; ürəyimdəki heyrət, məhəbbət “tikan”ını çıxarası, mat-məəttəllik havamı dəyişəsi bir epitet tapa bilməmişəm və bu bənzətmə axtarışı səfərimdən qayıdıb durmuşam “bənzərsiz” ifadəsi üstündə. Bunun ardınca da, həmişə, moskvalı bir musiqi xadiminin vaxtilə (konsertlərdən birinin sonunda Niyazinin əllərini ovuclarında tumarlaya-tumarlaya) dediyi sözlər düşür yadıma: “Baxın, bu əllər maestronun xariqələr yaradan qızıl əlləridir...”
   Mən həmişə onun sir-sifətindəki dipdiri dinamikaya, atomvarı baxışlarına da heyrət-heyrani bir məəttəlliklə baxmışam. İndi, aşağıda “nəql”ləyəcəyim epizodu eşidənədək, elə bilərdim bu, həm də onun arxa tərəfdəki kübar-elitar tamaşaçı elektoratından aldığı energetikanın qarşısındakı orkestrantlara ötür-ötür anlarda yaranan fövri (qarşılıqlı) tsikllərdir. Ancaq, sən demə... 
   Zaman-zaman başı daha çox məhsul “yaradıcılığı”na qarışdırılmış xalqın estetik səviyyəsinin də qalxınmasına çalışan bu milli-vətənpərvər sənətkar xarici səfərdən qayıtdığı günün sabahısı 60 nəfərlik simfonik orkestrlə cənub bölgəmizə (Salyandan Astarayadək) düz bir aylıq qastrol qərarına gəlir. Maraqlı olaylar, xatirələrlə dolu səfərdən Bakıya qayıdarkən maestro avtobus karvanını tarla düşərgələrindən birinin yanında saxlatdırıb, pambıqçılarçün yemək hazırlayan aşpaz qadına: “Mən biləni, indi hava 40 dərəcəni ötüb, bəs, sən biləni, bu ocağın istisi neçə dərəcə olar?” - deyib, kollektivə komanda verir ki, on dəqiqədən sonra burda düz bir saatlıq konsertə başlayırıq!
   Möhtəşəm “Koroğlu” operasının uvertürasının ilk taktları sədalanırkən qız-gəlinlər ucsuz-bucaqsız tarlanın hər tərəfindən düşərgə sarı axışır və həmin anların qələmə alındığı yazıdan yalnız bunu təqdim edirəm: “Konsertdən sonra musiqiçilər də bir-birinə deyirdi ki, hələ indiyədək heç vaxt, heç harada maestronun bu ilhamla dirijorluq etdiyini xatırlamırıq”... 
   
   Və...
   
   Elə bu yazının da “uvertüra”sı ardınca, bəzi yerli (və guya “super-təvazökar”) mütəxəssislərimizə görə, yalnız “Azərbaycan fenomeni” hesab ediləsi Niyazinin sabiq SSRİ vunderkindi olmasını təsdiqləyən bir retro-epizod. Bu, ötən əsrin 70-ci illərində moskvalı bir jurnalistin yekun rəyidir. Düz üç il müxtəlif mövzularla bağlı müttəfiq respublikalara səfər etdikcə SSRİ dirijorlarının reytinq “tədqiqat”ı ilə də məşğul olan və Niyazi ilə müsahibə zamanı: “Maestro, haçansa, neçənci yerdə olmanız haqda da fikirləşmisinizmi” - sualının qarşılığında laqeyd bir təbəssümlə üzləşən həmin xanım əlavə edir: “Məsələ bundadır ki, respublikaların hamısında musiqi ictimaiyyəti nümayəndələri 1-ci yerdə özlərininkini, 2-ci yerdə isə yalnız və yalnız Sizi görürlər. Deməli, “inciməyin”, maestro, Siz bütün Sovetlər İttifaqı üzrə Birincisiniz!..” 
   Bəli, böyük Azərbaycan mədəniyyəti tarixinə nəhəng “Üzeyir bəy Hacıbəyli”, məşhur “Zülfüqar Hacıbəyli”, “Ceyhun Hacıbəyli” imzalarından doğulub, ayrıca-müstəsnaca bir “Maestro Niyazi” İMZAsına çevrildi Niyazi Tağızadə-Hacıbəyov!..
   Bu məqam bunu da qeyd edim ki, milli dirijorluq dünyamıza TƏK gəlib... hələlik TƏK də gedən bu sənətkar bu sənəd seçkinliyini - “Tağızadə-Hacıbəyov” qoşasoyadlılığını anasının yeganə (və faciəli bir qətlin qurbanı olmuş) dayısı Heydərəli Tağızadəyə xatir qəbul edib.
   Ümumiyyətlə, bu tammöcüzə varlığın həyatında yarımmöcüzəvi olğu-olay az olmayıb və elə sadalamaya da onun öz baməzəlik (və sərtlik!) krallığına binaən, bir qədər qımışılasından başlayaq; o, sonralar hər biri bir mədəniyyət fəthinə çevriləsi xarici qastrol səfərlərindən ilkinə hələ ana bətnində ikən “gedib”. Belə ki, atası Zülfüqar Hacıbəyovun Tbilisi qastroluna hamilə xanımı da qoşulur və Niyazi 1912-ci il avqustun 20-də Gürcüstan paytaxtında dünyaya göz açır. 
   Yaxud, təpədən-dırnağa musiqi, bəstə - dolayisilə sülhi, əmin-amani olan bu adam uşaqkən hərbçi olmaq əzmilə kadet məktəbinə gedib, ətrafın diqqət mərkəzinə düşən futbol hakimliyi, təyyarə idmançılığı edib. Onun bizimçün xeyli qəribə və ”yad” görünən bu maraq-məşğuliyyətləri Əməkdar bədən tərbiyəsi xadimi, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu Mirzə Hüseynovun xatirələrində kifayət dərəcədə normallaşır: “Niyazi həm də idman maestrosu idi. 40-cı illərdə biz uşaqlar belə bir güclü, enerjili, idmansevər, səmimi və sənətkar insanın daim məşqlərimizi izləyib, bizi uğurlara ruhlandırmasından xüsusi zövq alardıq. Maestro həm fiziki, həm də mənəvi cəhətdən çox güclü insan idi”. 
   Bu universal, bu ecazkar güc-qüvvətin -
   
   Musiqi “MUSKUL”u...
   
   Bu möcüzə-adam ilk musiqi təhsilini adicə bir musiqi ocağında alıb. Sonra (atası Zülfüqar və əmisi Üzeyir bəyin tövsiyəsilə təhsilini Moskvada davam etdirib. Leninqrad (Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunun bəstəkarlıq sinfini isə (şəhərin “havası düşmədiyinə” və darıxdığına görə) bitirə bilməyib. Lakin həftələr-aylar ötdükcə, bu “yarımçıq tələbə” özü mükəmməl bir məktəbə çevrilməyə başlayıb. Atasının “Aşıq Qərib”, əmisinin “Arşın mal alan” əsərlərinin yeni redaksiyalarını hazırlayıb, “Xumar oldum”, “Qaragilə”, “Küçələrə su səpmişəm” kimi neçə-neçə xalq mahnılarımızı simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota alıb. 1934-cü ildə yazdığı “Zaqatala süitası” ilə musiqi aləmimizə orijinal səpkili bir bəstəkar gəlişindən xəbər verib. Daha sonra ikihissəli “Qəhrəmanlıq” simfoniyası, “Xosrov və Şirin” və... ovaxtdan-buvaxta öz emosional dramaturgiyası, zəngin xəyalat melodikası, minbir büsat harmoniyası, afət-ülfət ifadəliliyilə milyonları ovsunlamaqda davam edən, öz idarəsilə neçə-neçə ölkələrin musiqi şirkətləri tərəfindən qrammofon vallarına yazılmış “Rast” simfonik muğamı!.. 
   Bu böyük Hadisə-Əsərdən sonra Tağızadə-Hacıbəyov Niyazi qıp-qısaca bir xitabla çağırılmağa, xatırlanmağa, ağırlanmağa başlayır: “MAESTRO!” 
   1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatlarına layiq görülür. Ədəbi-ictimai söhbət, müzakirə və musiqi tənqid-təbliğində “Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır”, “Milli bəstəkarlarımızın əsərlərindən seçilmiş nümunələr dünya musiqisinin qızıl fonduna məhz onun bənzərsiz yozumu sayəsində daxil edilmişdir”, “neçə-neçə opera və baletin yüksək səviyyəli səhnə təcəssümü Niyazi istedadı və qabiliyyətinin bəhrəsidir” kimi qənaətlər səslənir. 1959-cu ildə o, SSRİ Xalq artisti adına layiq görülür. İki il sonra SSRİ-nin ən məşhur teatrlarından birinə - Leninqrad Opera və Balet Teatrına baş dirijor təyin olunur. Çoxsaylı xarici ölkə teatrlarının (xüsusi müqavilə əsasında) təkidli xahiş-təklifləri içərisində yalnız qardaş (o zamanlar “düşmən”!) Türkiyəni seçən maestro Ankara Opera və Balet Teatrında “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Aida” və türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasına ilk quruluşlar verir, ilk tamaşalarına (habelə “Yunus Əmrə” oratoriyasına) dirijorluq edir. 
   Və... oradakı hazırlıq səhnələrinin birində çəkinə-çəkinə yaxınlaşan bir topa qızın: “Maestro, bəs bizimlə haçan məşğul olacaqsınız” sualına: “Sizinlə axırda, axırda, axırda!” cavabı sabahkı qəzetlərdə “gülüş bombası” effekti yaradır. Bu acıqlı maestronun qorxusundan müxtəlif qiyafələrdə məşqlərin ən içəri “mətbəx”ində də iştirak edən müxbirlər yazıblar ki, “maestro bizim qızları axura göndərdi!” 
   Dünya qəzetləri isə həmin dönəmdə onun tamam başqa keyfiyyətlərindən, çox ciddi interpretasiya mizan-düzənlərindən, incə... sənət hikmətlərindən bəhs edirdi. D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, V.Dobiaş kimi şan-şöhrət zirvəlilər onu “fenomenal orkestr idarəçisi”, “taktların canlı antenası”, “bir cüt sehrkar əl, beş qoşa ovsunçu barmaq sahibi” kimi epitetlərlə qiymətləndirirdilər. Yaşdaş, tituldaş və şöhrətdaşı Q.Qarayev “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram” deyirdi.
   Sonralar da deyəcəkdilər ki: “1970-ci illərdə hər cümə günü Filarmoniyada keçirilən “simfonik musiqi axşamları” konsertlərinin təşkili, repertuar seçimi və idarə olunması birbaşa Niyazinin ideyalarına əsaslanırdı. O, böyük şövq və parlaq dirijor məharətilə idarə-ifa etdiyi dünya və Azərbaycan klassik musiqi nümunələrilə hər dəfə hamını heyran qoyardı... Niyazi Azərbaycan musiqi mədəniyyəti tarixində əvəzolunmaz simadır” (professor R.Zöhrabov),
   “O həm əsərləri, həm əməlləri, həm də çoxyönlü xeyirxah işlərilə böyük düha idi. Amma, deyim ki, Niyazinin qərar tutduğu mənəvi mərtəbəyə layiq, Niyazi dünyasını tam ehtiva edən bir kitab, monoqrafiya hələ yazılmayıb...” (professor F.Bədəlbəyli).
   Xeyli uzunmüddətli səfərdən sonra Vətənə qayıdan Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilir. O bu rəsmi görəvlə bahəm, “Konsert valsı” kimi simfonik əsərlər, klassik musiqi nümunələri hesab edilən fortepiano ilə orkestr üçün konsertlər, “Təbrizim”, “Dağlar qızı”, “Vətən”, “Arzu” və başqa gözəl mahnılar da yazır, öz tükənməz musiqi rübabı ilə teatr tamaşaları (“Dağılan tifaq”, “Almaz”, “Vaqif”, “Polad qartal”) və kinofilmlərdə də (“Almaz”, “Kəndlilər”, “Fətəli xan”) maraqlı sənət izləri qoyur.
   Bir az da sonluq ovqatı üçün -
   
   Həyat izlərindən...
   
   Bir-birini dəlicəsinə sevə-sevə 51 il birgə yaşamış “Həcər və Niyazi” dastanından. 
   Türkiyədə ofisiant qadın onlara yaxınlaşıb bütün su və spirtli içkilərin adlarını sadaladıqca, həyat yoldaşı Həcər xanım “yox” deyir. Vəziyyəti belə görən maestro ofisianta üz tutur: “Xanım, mənim xanımım mənim qanımdan başqa heç nə içmir...”
   Həcər xanım bu borcu ondan Moskva restoranlarından birində çıxır; bir parça çörəyin üstünə iki-üç qat xardal yaxıb, istiot səpir, Niyazi də baxıb-baxıb: “İndi bu nə oldu?” decək, qayıdır ki: “Heç nə, oldu Niyazi!..” 
   Bitib-tükəndirə bilmədiyim bu yazını tələbəlik illərimdən unuda bilmədiyim bir informasiya ilə nöqtələməli oluram. “Fikrət Əmirovun bu simfonik muğamı maestro Niyazinin idarəsində bu möhtəşəm Amerika salonunu qədim Şərq xəyalatına daldırmışdı...”
   Mən hər dəfə o situasiyanı gözlərim önündə canlandıranda fikirləşirəm; görəsən, maestronun barmaqları o xəyalata mane olmurmuş ki...
   
   Tahir Abbaslı