Prezident İlham Əliyev ölkənin şimal-qərb zonasında həyata keçirilən layihələr və yeni müəssisələrin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən, Zaqatala və Qax rayonlarına səfər edib. Dövlət başçısı rayonlarda həyata keçirilən sosial-iqtisadi layihələr, yeni müəssisələrin fəaliyyəti ilə tanış olub, bir sıra obyektlərin, o cümlədən geniş turizm potensialı olan bu region üçün xüsusi əhəmiyyət kəsb edən yeni yolların açılışında iştirak edib.
İlk olaraq Balakən rayon mərkəzinə gələn dövlət başçısı əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edib. Prezidentə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının və Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib. Avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
Dövlət başçısı Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında da iştirak edib.
Məlumat verilib ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövrü, həmçinin 1918-1920-ci illər üzrə xəritələri də var. Bu cür layihələrin həyata keçirilməsi milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Prezident Balakəndə “ABAD Mərkəz”in açılışına qatılıb. Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD” layihəsinin xüsusi yeri var. Ölkə başçısının təşəbbüsü ilə 2016-cı ilin sentyabrında yaradılan qeyri-kommersiya və sosialyönümlü qurum ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” əl işlərinin satışını öz İncəsənət mərkəzlərində təşkil edir. Bu ilin martında İçərişəhərdə, iyunda isə Heydər Əliyev Beynəlxalq Aeroportunda belə mərkəzlər istifadəyə verilib. Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar “ABAD” layihəsinin iştirakçısıdır. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib.
* * *
Daha sonra Zaqatala rayonuna səfərə gələn dövlət başçısı əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edib.
Prezident Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub, 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışında iştirak edib.
Dövlət başçısı Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə də tanış olub. Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi digər ölkələrin payına düşür. Azərbaycanda ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə istehsalın 4 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro təşkil edib.
* * *
Prezident İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun və Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib.
Dövlət başçısı rayonun Lələpaşa kənd sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.
Prezident Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə də tanış olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışı da ölkə başçısının iştirakı ilə keçirilib.
Prezident həmçinin Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.
İnşasına 2016-cı ildə başlanılan Bayraq meydanı kompleksində hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Meydanın ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib.