Cavid Təvəkkülün yeni filmi yaxın tariximizdən bəhs edir
  
   Son illər İctimai Televiziya və Radio Yayımları Şirkəti "Carçıfilm" yaradıcılıq birliyində bir neçə maraqlı ekran əsəri çəkilib. Bu yaxınlarda çəkilişləri yekunlaşan çoxseriyalı “Döngələr” bədii televiziya filmi avqust ayında, İTV-nin 6 illiyində tamaşaçılara təqdim olunacaq.
  
   Yaxın tariximizdən, 1988-1989-cu illərdə baş verən hadisələri əks etdirən xeyir və şərin mübarizəsindən bəhs edən filmin rejissoru Cavid Təvəkkül, ssenari müəllifləri İsmayıl Ömərov, Rafiq Səməndər, operatoru Emil Rəhimov, rəssamı Rövşən Mehdiyev, bəstəkarı Ayaz Qəmbərlidir. Baş rolları əməkdar artistlər Eldəniz Rəsulov və Abbas Qəhrəmanov ifa edir. Rejissor Cavid Təvəkkül ötən ilin dekabrında başlanan filmin çəkilişlərinin Quba, Qusar, Xaçmaz və Daşkəsəndə aparıldığını dedi: “Döngələr” filmi insanın arzularına çatması üçün nələrdən keçə bildiyini göstərir. Hazırda filmin montaj mərhələsi bitib. Bu böyük bir layihə olacaq. Serialın ikinci bölümü Rusiya və Türkiyədə çəkiləcək”.
   “Azarkeş”, “Sovqat” və s. bədii televiziya filmləri ilə Rusiyada “Kinoşok”, Kazan və başqa kinofestivallarda iştirak edən Cavid Təvəkkül hazırda yeni bir layihə üzərində işləyir: “Yeni bir filmə hazırlaşıram. Ssenari artıq hazırdır. “Ay lolo” adlanacaq film gənc qadınla yaşlı kişi arasında yaşanan məhəbbətdən bəhs edəcək. Baş rollara türk aktyorları Haluk Bilginer və azərbaycanlı aktrisa Nəsrin Cavadzadəni çəkmək istəyirəm”.
   Rejissor bir qədər əvvəl tamaşaçılara təqdim olunan və maraqla qarşılanan “Əzizim Fellini” filmi ilə bağlı fikirlərini bölüşdü: “Bu filmdəki rejissor olmaq istəyən həmin gənc hardasa mən özüməm. Ssenaridə öz həyatımı yazırdım. Görünür, tamaşaçılara səmimi hisslər təlqin edildiyi üçün film yaddaşlarda qala bilib”.  

 Y.Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar