Valiske Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycana səfərə gələn Fransa yəhudi icmasının nümayəndə heyəti avqustun 2-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Səfərin məqsədi ölkəmizdə mövcud olan dini tolerantlığın nəzəri əsasları, Azərbaycanda “İslam həmrəyliyi ili”, müsəlman-yəhudi birgəyaşayışının təmin olunması istiqamətində görülən işlərlə tanış olmaqdır.
Qonaqlara ölkəmizdəki multikultural mühit barədə məlumat verən BBMM-in əməkdaşı Rəvan Həsənov bildirib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətdir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib.
Azərbaycandakı unikal müsəlman-yəhudi birgəyaşayış modeli, ölkəmizdə multikulturalizm və tolerantlıq sahəsində aparılan dövlət siyasəti Fransa yəhudi icması nümayəndələrinin böyük marağına səbəb olub.