1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü bölgələrdəki kitabxanalarda müxtəlif tədbirlərlə qeyd edilib.
   
   Zərdab rayon Mərkəzi kitabxanasında “Ana dilimizi öyrənirik, ana dilimizi sevirik” başlıqlı tədbir keçirilib. MKS-nin direktoru Nailə Əliyeva, Həsən bəy Zərdabi muzeyinin əməkdaşı, şair Mübariz Səfiyaroğlu, Çallı kənd Folklor evinin müdiri Maqbet Qasımov, Dəkkəoba kənd kitabxana filialının müdiri Zəridə Məmmədova və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla 2001-ci ilin 1 avqustunda ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılmasının tarixi hadisə olduğu vurğulanıb.
   Mərkəzi kitabxananın əməkdaşları Elyanə Qədirova və Məlahət Cavadovanın mövzu ilə bağlı məruzələri dinlənilib. Oxucular ana dili haqqında şeirlər söyləyiblər.
   * * *
   Qusar rayon MKS-nin təşkilatçılığı ilə Ləcət kənd kitabxana filialında Həzrə, Kirig, Yuxarı Zeyxur kənd və Samur qəsəbə kitabxana filiallarının iştirakı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir keçirilib. Kitabxananın həyətində mövzu ilə bağlı sərgi təşkil olunub.
   Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, idarənin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov, MKS-nin direktoru Zahir Mustafayev, Ləcət kənd kitabxana filialının müdiri Solmaz Bağışova, Ləcət kənd tam orta məktəbinin direktoru Saleh Baxışov ana dilinin insan həyatında mühüm rolundan danışıblar.
   Tədbir məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
   * * *
   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi kitabxanası Səməd Vurğun adına parkda əlamətdar gün münasibətilə sərgi təşkil edib. Sərgidə “Dilimiz milli varlığımızdır”, “Yeni kitablar”, “Molla Pənah Vaqif - 300” və s. başlıqlarda ədəbiyyat nümayiş etdirilib. 
   Elmar Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi isə “Dilimiz milli varlığımızdır” adlı uşaq səhərciyi keçirib. MKS-nin direktoru Solmaz Babanlı tədbiri açaraq qeyd edib ki, Azərbaycan dili xalqımızın milli mənəvi sərvəti, onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. 
   Qazax şəhər M.Hüseyn adına məktəb-lisey və şəhər 3 saylı tam orta məktəbin şagirdləri ana dilimizə həsr olunmuş şeirlər söyləyiblər.
   * * *
   Neftçala rayon Mərkəzi kitabxanasında da Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirilib. “Ana dilim şirindir” adlı tədbirdə yay məktəbinin şagirdləri iştirak ediblər. 
   Uşaq şöbəsinin kitabxanaçısı Şəhla Nuriyeva, Metodika və biblioqrafiya şöbəsinin müdiri Bədirə Niftəliyeva dilimizin zənginliyindən, qədimliyindən, tükənməz bir sərvət olmasından danışıblar. Xalq şairi Bəxtiyar Vahabzadənin öz dilindən səslənən “Ana dilim” şeiri şagirdlər tərəfindən məhəbbətlə qarşılanıb. Şagirdlər Tofiq Bayram, İslam Səfərli və başqa şairlərin ana dilimiz haqqında şeirlərini söyləyiblər. Kitabxananın fəal oxucusu Elvin Gözəlov özünün yazdığı “Ana dili” şeirini oxuyub.