Astara Rayon İcra Hakimiyyətinin dəvəti ilə Türkiyənin Çukurova Universitetinin Subtropik meyvələr araşdırma və tədqiqat mərkəzinin direktoru Səadətdin Baloğlu, “Güney xəbər” qəzetinin əməkdaşları Mehmet Emin və Vahdettin Yüksəkbaş rayonda olublar.
Türkiyəli qonaqlarla keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Astarada subtropik meyvəçiliklə bağlı həyata keçirilən tədbirlər bu perspektivli sahənin inkişafına güclü təkan verib. Çukurova Universiteti ilə əməkdaşlıq da rayonda sitrusçuluğun inkişafına müsbət təsir göstərəcək.
Qeyd edilib ki, son illər Astarada geniş turizm imkanlarına malik dağ kəndlərinə asfalt yolların çəkilməsi, Xəzər dənizi sahili boyunca park-bulvar kompleksinin tikilib istifadəyə verilməsi və digər infrastruktur layihələrin həyata keçirilməsi rayona gələn turistlərin sayının artmasına səbəb olub.
Səadətdin Baloğlu Astaranın çox zəngin təbiətə malik olduğunu qeyd edərək bildirib ki, bölgənin turizm sektorunun inkişafı ilə bağlı türkiyəli sərmayəçilərin rayona cəlb olunması əsas məqsədlərindən biridir.
Hər il aprel ayında Türkiyənin Adana şəhərində “Portağal çiçəyi” festivalının keçirildiyini vurğulayan S.Baloğlu subtropik meyvəçilik sahəsində zəngin təcrübəyə malik Astara rayonunun nümayəndə heyətini də festivala dəvət edib.
Qeyd edək ki, hazırda Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun tikinsi davam etdirilir.
Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən inşa olunan avtomobil yolunun istifadəyə verilməsi ilə rayonda turizmin inkişafı üçün əlavə imkanlar açılacaq.