Rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyənin Trabzon şəhərində keçirilən kinofestivala dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival avqustun 26-dək davam edəcək.
Festivalda filmlərimizi “Dərs” filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcəklər.
“Dərs” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Festivalda, həmçinin gənc rejissor Fehruz Şamıyev “Yol” filmi ilə iştirak edəcək.