Sənət aləmində sakit mövsüm adlanan dönəmin varlığı çoxdan bəllidir. Avqust ayında sənət adamlarının istirahət etməsi ənənəsinin nə vaxt harada yarandığını deyə bilmərəm. Amma az qala bütün dünyada belədir: avqust ayında teatr mühiti dincəlir. Bu üzdən də avqustda doğulan görkəmli teatr sənətçilərinin doğum gününü bir qədər gec qeyd etməli olursan. Bu sicilləmə girişi ona görə yazdım ki, uzun illərdən bəri dost olduğum bir insana təbrik yazısının düz on gün gecikməsinə haqq qazandırım... 
    
   Avqustun 13-də görkəmli teatr rejissoru, Xalq artisti, professor Azərpaşa Nemətovun 70 yaşı tamam oldu. Azər müəllimin indiyədək gördüyü işləri xatırlayırsan, qoyduğu tamaşaları xatırlayırsan, - deyirsən ki, hə də... bu qədər işi, nailiyyəti, bu sayda tamaşaya quruluş verməyi elə 70 illik ömrə güclə sığışdırarsan. Digər tərəfdən də onun enerjisinə, rəhbərlik etmək əzminə, quruluş vermək istədiyi əsərlərin sayına, bir sözlə, yaratmaq eşqinə nəzər salırsan, deyirsən ki, yox, 70 yaşlı adam belə olmur axı. Amma fakt faktlığında qalır: Azər müəllim 7 onilliyin dizini qatlayıb. Üstəlik, heç özü də bilmədən yaşca özündən kiçiklərə, ayağına dəyən daş-kəsəkdən usanıb geriləmək niyyətinə düşənlərə örnək verir ki, XXI əsrdə 70 yaşlı teatr rəhbəri, ittifaq sədri, bir sözlə, yaradıcı şəxs elə onun kimi olmalıdır: işgüzar, qərarından dönməz, enerjili. Canına şığıyan xəstəliklərə, mənəvi basqılara rəğmən ayaq üstə qalmağı bacaran müdrik cavan. 
   
   Azər müəllim sənətkar ailəsində dünyaya gəlib. Neçə aktyor nəslinə sənət müəllimliyi etmiş, Gənc Tamaşaçılar Teatrının qızıl dövrü kimi sənət tariximizə yazılmış 1950-60-cı illərdə bu sənət ocağının baş rejissoru olmuş Zəfər Nemətovun oğludur. İndi deyərsiniz ki, ağlı kəsəndən teatra gedib-gələn uşağın, üstəlik, Zəfər müəllim kimi rejissorun oğlu təbii ki, teatrla bağlı sənət seçəcək, onda irsən keçən istedad da olacaq. Amma hər şey göründüyü kimi deyil. Bu günün görkəmli rejissoru Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. Sonra da konservatoriyada, həm də bəstəkarlıq ixtisası üzrə, özü də dünya şöhrətli Qara Qarayevin sinfində təhsil alıb. Düzdür, tələbə kimi bəstələri gələcək uğurlardan xəbər versə də, gənclik maksimalizmi və çılğınlığı özünü çox gözlətməyib. Yazımızın qəhrəmanı özünü gələcəyin bəstəkarı yox, rejissoru kimi görüb və həyat yolunda açdığı cığırın istiqamətini dəyişib: o zamankı Teatr İnstitutunun Rejissorluq fakültəsinə daxil olub, görkəmli rejissor Mehdi Məmmədovun sinfində oxuyub. Ta odur-budur, 1965-ci ildən üzü bəri milli teatr prosesinin içində, hətta çox məqamlarda önündədir. 
   Azər müəllim əsl teatr adamıdır. Teatrda baş rejissor kimi çalışdığı illərdə də, bu canlı orqanizmdən bir qədər aralı düşüb Azərbaycan Teatr Xadimləri İttifaqında çalışdığı, universitetdə dərs dediyi, teatrda yalnız öz quruluş verdiyi tamaşaların məsuliyyətini daşıdığı illərdə də onu düşündürən Böyük Teatr olub. Çünki Azərpaşa Nemətov təkcə uğurlu tamaşaları olan rejissor deyil, öz dəst-xətti ilə məktəb yaradan rejissordur. 
   Bütün rejissorlar kimi onun da sevimli aktyorları var. Bəzən isə digər rejissorların sevimli aktyoru kimi tanıdığımız məşhura elə rol verib, onu yaxşı tanıyan tamaşaçı ilə yenidən fərqli tərzdə tanış edir ki, özlüyündə çaşıb qalırsan: əcəba, nədən indiyədək bu sənətçinin performans imkanlarını bu yöndən bizə göstərən olmamışdı?! Böyük də çıxsa, deyəcəyəm: bundan ötrü hansısa aktyorun, aktrisanın xətrini çox istəmək yox, Teatrı, bir də bu sənət məkanına gələn Tamaşaçını çox sevmək lazımdır. Ola bilər ki, ilk baxışda, ya da kənardan nəzər salanda bu cür rejissor heç də teatr məhəbbətlisi təsiri bağışlamasın. Amma gərəkdir ki, sən onun görünüşünə, bəzən bir qədər sərt davranışına, bir azca da kəskin münasibətinə aldanmayasan, içindəki Böyük Teatr Sevgisini görə biləsən!.. 
   
   Bütün yaxşı müəllimlər kimi onun da öz tələbələrinə can yanğısı ilə yanaşması var. Tələbələrinin təkcə yaxşı sənətçi kimi yetişməsi ilə kifayətlənmək istəmir. Bir gün sənətdəki ön mövqeləri onlar tutacaq deyə, gəncləri daha çox oxumağa, öyrənməyə, zəhmətə alışdırmağa çalışır. Nəsə ürəyincə olmayanda da müəllim kimi yox, valideyn kimi narahat olur. Tələbələrinin ən azından universitetdən humanitar savadlı, geniş dünyagörüşlü şəxs kimi ayrılmağını istəyir. 
   
   Bütün teatr rəhbərləri kimi onun da öz idarəetmə üslubu var. Tabelikdə olanlar bu üslubu bəyənsələr də, yarıxoş, yarınaxoş qəbul etsələr də, Azərpaşa Nemətovun intizam tələbi, böyük kollektivin fəaliyyətinin axarını təmin edən sığallanmış iş metodu yenə də Böyük Teatrın xeyrinədir. 
   
   Bütün tanınmış sənət adamları kimi onun da... Yazacaqdım ki, öz sevimli jurnalistləri var. Amma buna tam əmin deyiləm. Çünki otuz illik sənət dostum, böyük qardaş qədər xətrini əziz tutduğum Azər müəllimin hansısa tamaşasını çox bəyənsəm də, az bəyənsəm də, hətta bu fərqli münasibəti yazı formasında paylaşsam da, şəxsi münasibətimizdə qarşılıqlı olaraq heç sapıntı görməmişəm. Əslində, dost dediyin kəs də səni hər halınla sevən, hər ovqatınla qəbul edən, hər sözünü dinləyən biri olmalı... 
   
   * * * 
   ... Deyəsən, may ayı idi. Azər müəllimlə teatrdakı kabinetində əyləşib söhbət edirdik. Söz fırlanıb yaşanmış illərə, sənətə xidmətə çatanda dedi ki, iki-üç aydan sonra 70 yaşı tamam olacaq. Təəccübümdən çayım boğazımda qaldı: 
   - Doğrudan, Azər müəllim?.. Yetmiş də gəlib çatdı?.. 
   - Hə... Nədi ki, vermirsən bu yaşı mənə? 
   - Yox... Yəni əslində sizin 70 yaşınızın olduğuna inanmaq özümün də nə qədərsə yaşım olduğunu qəbul etmək demək sayılır. 
   
   Bu yerdə ikimiz də güldük. İndi teatr aləminin sakit mövsümü başa çatmamış Azərpaşa Nemətovun 70 yaş törəninin yeni teatr mövsümündə necə keçiriləcəyi barədə heç nə deyə bilmərəm. Bu yubiley münasibətilə ən böyük hədiyyəsini ölkə başçısı İlham Əliyevin sərəncamı ilə artıq alıb, «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. 
   * * *
   ...Bu yazı isə mənim yubilyara hədiyyəmdi. Həm öz adımdan, həm də çalışdığım sənətsevər «Mədəniyyət» qəzetinin adından. Necə deyərlər, jurnalistin olanından... Düzünü deyim ki, mən əsl yubiley hədiyyəsini Azər müəllimin özündən istəyirəm: yeni, səs salacaq tamaşa gözləyirəm müdriklik yaşına çatmış cavan dostumdan. 
   
   Gülcahan