Teatrlarımızın məzuniyyətdə olduğu dövrdə Bolqarıstandan xoş xəbər aldıq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı «Varna yayı-2017» beynəlxalq teatr festivalında təmsil olunub. Festivalda rejissor Anar Babalının quruluş verdiyi «İuda» monotamaşası göstərilib. Pyesin müəllifi Əməkdar artist Ayşad Məmmədovdur. Monotamaşada da elə müəllifin özü iştirak edir. Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır. Bir sıra Avropa ölkələrindən teatr kollektivlərinin qatıldığı festivaldan bizimkilər fəxri diplomla qayıdıblar. 
   Qeyd edək ki, Varna festivalı Bolqarıstanın ən böyük teatr festivalı sayılır. İlk dəfə 1992-ci ildə keçirilmiş sənət bayramı ənənəvi «Varna yayı» festivallar silsiləsinin bir halqasıdır. Varna festivalının proqramı bir növ mozaika kimi qurulur: bolqar teatrları yerli ənənələri və yeni mövsümün ən yaxşı tamaşalarını təqdim edirlər, beynəlxalq proqramda isə müasir teatr, rəqs və performans ilə bağlı qabaqcıl və innovativ meyllərə xüsusi yer ayrılır. 
   «İuda»nın Bolqarıstan səfəri Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə baş tutub. Ölkəmizin festivalda uğurla təmsil olunması milli teatrımızın çıxış etdiyi beynəlxalq teatr məkanının genişlənməsi baxımından da qiymətlidir. 
   
   G.Mirməmməd