Fariz Əhmədov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə SSRİ dövlət mükafatı laureatı A.A.Proşkinin emalatxanasında təhsil alır. “Bir addım”, “Qocalar” (İsmayıl Məmmədovla birgə) bədii qısametrajlı ,“Lahıc ritmləri” və “Miras” sənədli qısametrajlı filmlərinin rejissorudur. 2010-cu ildə lentə alınan “Miras” filmi bir sıra festival və müsabiqələrdə uğur qazanıb. Rejissorla söhbətə də bu ekran əsərindən başladıq.
  
   - “Miras” filmi necə ərsəyə gəldi? Filmin ideyası necə yarandı? Filmin uğurları haqda qəzetimizdə tez-tez məlumat gedir.
   - “Miras” kurs işim idi. Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində hər tələbə bir bədii və bir sənədli film təhvil verməlidir. O ərəfədə Bakıya gəldim, vaxtım da az idi. Təsadüfən duz gölünün yanından keçirdim və orada bir az gəzdikdən sonra ağlıma bu ideya gəldi. Ertəsi gün ssenarist Esmira Əyyubla göl ətrafına gəlib ssenari haqda düşünməyə başladıq və təsadüf nəticəsində qəhrəmanımızla - orada duz toplayan yeniyetmə ilə rastlaşdıq. Onun atasının və babasının da burada çalışdığını öyrəndik. İki gün ərzində film çəkildi. Filmi “non-budget”, yəni tam pulsuz çəkmişik.
   - Film Moskvada necə qəbul olundu?
   - Universitetdə qayda belədir ki, auditoriyada film göstərilir və ciddi müzakirələr başlanır. Çox qısa zamana çəkdiyim filmi tələbə yoldaşlarım, xüsusən müəllimim Aleksandr Proşkin bəyəndikdə özüm də inana bilmirdim. Müəllimim filmi 30-cu Beynəlxalq VGİK kinofestivalına göndərdi. Müsabiqədə 4 mükafatdan 3-nü bizim film aldı. Elə o zamandan film çoxsaylı müsabiqələrdə nümayiş olunub.
   - Yəqin filmin mövzusu maraq doğurur?
   - Əslində heç bir sosial problemi qaldırmaq fikrimiz yox idi. Baba, ata və oğul - hər üçü gözünü açıb bu duz gölünü görüb. Bu onlar üçün gəlirdən daha çox bir məşğuliyyət yeridir. Maraqlı tərəflərdən biri də odur ki, dünyanın az yerində belə duz gölü var. Qəhrəmanlar da, yanaşma tərzi də maraqlı idi. Yəqin ona görə dünya üçün də maraqlı gəldi. İstənilən halda kiçik ölkələrdəki həyat dünyanı maraqlandırır. Azərbaycanda bu cür mövzular çoxdur. Tapıb işləmək lazımdır.
   - Rusiyada kino təhsilin necə gedir?
   - Kinoemalatxanada hər tələbə ilə fərdi işləyirlər. Bizim kursda 8 ölkədən tələbələr təhsil alır və müəllimimiz A.Proşkin hər millətdən olan tələbəyə, mədəniyyətindən, mentalitetindən asılı olaraq fərdi yanaşmağı bacarır. Bizə rejissuradan daha çox dramaturgiyanı öyrədirlər. Bu bünövrədir və əsasdır. Orada bir mühüm məqamın da şahidi oldum. Rusiyanın bir çox məşhur operatorları, xalq artistləri, aktyorları tələbələrin filmlərində pulsuz çalışırlar. Bu işin şedevr olmasına görə yox. Sadəcə, onlara yeni nəsillə işləmək maraqlıdır. Onların nə cür formalaşmasına önəm verirlər.
   - Yaxşı film çəkib beynəlxalq aləmə çıxmaq üçün nə etməliyik?
   - Kino elə bir sahədir ki, orada inkişaf etmək üçün hər gün yazmalı, oxumalı və filmlərə baxmalısan. “Yaxşı idmançı” necə formalaşır? Yalnız hər gün məşq etməklə. Kino da belədir. Kinoya gələn gənclərin dünyagörüşü geniş olmalı, çoxlu mütaliə etməlidirlər. Bu gün Asiya kinosu, İran kinosu, Türkiyə, Rumıniya kinosu var ki, dünya kinosuna maraqlı adlar, filmlər çıxır. Təəssüf ki, bizdə gənclərin bir çoxu üçün internetin maraq dairəsi hər hansı sosial şəbəkədə qurdalanmaq səviyyəsindədir. Halbuki internet evdə oturub təhsil almaq üçün böyük imkanlar açır. Dünya gəncləri bu yöndə inkişaf edir.
   - Təhsil aldığınız universitetdə Azərbaycan kinosu barədə nə dərəcədə məlumatlıdırlar?
   - Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmi tədris prosesində ən yaxşı qısametrajlı film kimi nümayiş olunur. Bu da bir uğurdur. Düzdür, kurslarda qazax, qırğız, gürcü filmləri tədris olunur. Ümumilikdə isə Rusiyada müasir tamaşaçı Azərbaycan kinosu barədə elə də məlumatlı deyil. Bu gün bizim kinoda bir sıra istedadlı gənclər çalışırlar. Ümid edirəm ki, biz Azərbaycan kinosu üçün böyük işlər görə biləcəyik.
   - Yeni hansı layihəniz var?
   - Hazırda “Mayak” adlı ssenari hazırlanır. Ssenarini Esmira Əyyubla birgə yazırıq. Film bir ailədən, valideyn-övlad münasibətlərindən bəhs edir.  

  Reyhan İsayeva
  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar