“Vəkil hanı?” filmindən sonra sənət karyerasında dönüş edən gənc aktyor Bəhruz Vaqifoğlu eyniliyi sevmir və fərqli rollara üstünlük verir
  
   Bəhruz Vaqifoğlu 1982-ci ildə Zəngilan rayonunda doğulub. 1993-cü ildən ailəsi məcburi köçkün kimi Bakıda yaşayır. Bəhruz burada sənətə həvəsini hiss edərək dram dərnəyinə yazılır.
  
   Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atır, sonra Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinə üzv olur. İki il Mədəniyyət və İncəsənət Universitetinə imtahan versə də, qəbul ola bilmir. Buna baxmayaraq həvəsdən düşmür və Qüdrət Abbasovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına Xalq Teatrında çalışmağa başlayır. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr rejissor”luğu ixtisasına daxil olur. Eyni zamanda Akademik Milli Dram Teatrında “Dirilən adam”, “Ölüləri qəbiristanlıqda basdırın”, “Mesenat” və s. tamaşalarda kütləvi səhnələrdə rollar ifa edir.
   Hazırda Pantomim Teatrında özünü olduqca xoşbəxt hesab edən gənc aktyor Bəxtiyar Xanızadə ilə birgə işləməyin onun üçün fəxr olduğunu deyir. Teatrda müxtəlif səpkidə rollar ifa etməsinə baxmayaraq o, kinoda oynadığı rollarla tamaşaçıların yaddaşında qalıb. “Cavad xan” filmində mürid, “Günaydın, mələyim”də aktyor, “Sonuncu dərviş”də rəssam, “Vəkil hanı?” filmində isə vəkil Rəşad və Aliyə rollarının ifaçısıdır.
   - Teatr və kino... Sənətçi olaraq daha çox özünüzü harada tapırsınız?
   - Hər ikisinin öz yeri var. Prinsipcə son nəticədə ikisi də aktyorluğa bağlı sənətdir. Bəzən seçim qarşısında qalmalı oluram. Mənim üçün teatr daha vacibdir. Teatr olmasa, kinoda çox uğur əldə edə bilmərəm. Teatrda etdiyin səhvi sonradan düzəliş edə bilirsən, lakin filmdə artıq qaydalar dəyişir. Çəkiliş meydanı bir başqa aləmdir. İnanmıram ki, səhnə və çəkiliş meydanında yaşanan hissləri aktyor ifadə edə bilsin. Bu sanki dünyanın içində dünyadır. Hər bir kinoçəkilişdə nəsə öyrənirəm.
   - Rejissor Ülviyyə Könül sizi “Vəkil hanı?” filminə dəvət edəndə oynayacağınız rola münasibətiniz necə oldu?
   - Filmin aktyor seçimi mərhələlərinə çağırıldım. Ülviyyə Könül və Sənubər İsgəndərli məndən soruşanda ki, “qadın rolunu ifa edərsən?” mən “bəli” deyib razı olmuşdum. Ssenari ilə tanış olandan sonra isə filmi daha çox bəyəndim.
   Sonra Ülviyyə xanım fikrini dəyişərək məni hər iki rola (vəkil Rəşad və Aliyə - red.) çəkmək istədiyini dedi. Təbii ki, burada pantomima aktyorluğum da mənə bir çox plastik hərəkətli səhnələrdə kömək etdi.
   - Həyatda həmin vəkilin vəziyyətinə düşsəydiniz, çıxış yolunu nədə görərdiniz? Həmin rolu həyatda da oynaya bilərdinizmi?
   - Həmin vəkil ilə mənim xarakterim arasında böyük fərqlər var. Çox güman ki, başqa yollar fikirləşərdim. Onun etdiyi kimi etməzdim. Amma heç kəs həyatda heç nədən sığortalanmayıb. Bilmək olmaz...
   - Sənin Aliyə roluna ətrafın reaksiyası necə oldu?
   - Hər gün teatrdan evə gələndə qadın ayaqqabılarında evdə məşq edirdim. Dostlarım zarafatlar edirdilər. Hərdən bunlara əsəbiləşir, özüm-özümü qınayırdım. Amma nəticədə mən aktyoram və bu mənim sənətimdir.
   - Bu rol sizin böyük kinoda, demək olar ki, ilk baş rolunuz idi. Film sizə nə verdi? Həyatınızda hansı dəyişikliklər oldu?
   - Təbii ki, “Vəkil hanı?” filmi mənə kino və teatrla bağlı çox şeyləri öyrətdi. Bu filmdən sonra teatrdakı aktyor sərbəstliyim artdı, bu da aktyor üçün əsas amillərdən biridir. Gələcək filmlər üçün mənə böyük imkanlar yaratdı.
   - Bundan sonra da qadın rolu təklifi olsa, qəbul edərsinizmi?
   - Yenidən qadın rolunda oynamaq istəmərəm. Bir dəfə bəs etdi. Aktyor olaraq daha çox müxtəlifliyə üstünlük verirəm. Hətta çalışıram ki, adi bir rolum da başqa bir roluma bənzəməsin.
   - Hansı rolu oynamaq istərdiniz?
   - Tarixi filmlərə marağım olduğu üçün belə filmlərdə baş qəhrəmanı oynamaq istərdim. Əgər Şah İsmayıl haqqında film çəkilərsə çox böyük məmnuniyyətlə Xətaini oynayardım. Bu mənim arzumdur.
   - Bəhruz Vaqifoqlu özü hansı aktyorları bəyənir və həmin səviyyəyə çatmaq üçün çalışır?
   - Yusif Yıldız, Hamlet Xanızadə, Həsənağa Turabov, Səməndər Rzayev, Yaşar Nuri, Cahangir Zeynalov, Fuad Poladov, Məmməd Səfa, xarici aktyorlardan Al Paçino, Robert de Niro, Cek Nikolsan, Çarli Çaplin, Tim Rod və başqaları baxıb heyran olduğum aktyorlardır. Amma bir rejissor kimi davranışına, səbrinə, intellektinə, idarəçiliyinə görə öz müəllimim Bəxtiyar Xanızadə səviyyəsinə çatmaq istərdim.
   - Hazırda rejissor Şamil Əliyevin “Çölçü” filmində çəkilirsiz...
   - Bu filmdə cavan çölçü rolundayam. Filmin ssenari müəllifi Vidadi Həsənovdur. V.Həsənov özü də filmdə qoca çölçü rolunu oynayır. Filmin çəkilişləri avqustun ortalarında yekunlaşacaq. Onun ardınca qısametrajlı bir filmdə baş rola dəvət almışam.
  
   Söhbətləşdi: Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar