Mirvarid Dilbazinin anadan olmasından 105 il ötdü
Rəngarəng yaradıcılığı ilə ədəbiyyatımızda iz qoyan şairlərdən biri də Mirvarid Dilbazidir. O, düşündürən poeziyası ilə XX əsr ədəbi yaddaşımızın zənginləşməsinə mühüm töhfələr verib.
Mirvarid Paşa qızı Dilbazi 19 avqust 1912-ci ildə Qazax rayonunun Musaköy kəndində dünyaya göz açıb. Erkən çağlardan atasını itirib, babası Mustafa ağanın himayəsində qalıb. Böyüdüyü mühit onun istedadlı bir gənc kimi formalaşmasına ciddi təsir göstərir. Mirvarid ilk olaraq Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində təhsil alır və istedadı ilə müəllimlərinin diqqətini çəkir.
1920-ci ildə maarif xadimi Mədinə Qiyasbəyli təhsilini davam etdirmək məqsədilə onu Bakıya - seminariyaya aparır. O, sonralar seminariya ilə bağlı xatirələrində yazırdı: “Müəllimlərimiz namuslu, vüqarlı və qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Axşamlar Nəriman Nərimanov arvadı Gülsüm xanımla məktəbimizə gəlirdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədir və nəğmə oxutdurardı. Keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə, gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik. N.Nərimanov özü də buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma və ən maraqlı insanlarından idi. Bir axşam yenə məktəbin çıraqları yandı. Biz böyük salonda doktor N.Nərimanovun ətrafına toplaşdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı. O, bir daha məktəbə gəlmədi. 1925-ci ildə Nərimanovun ölüm xəbərini eşitdik...”.
M.Dilbazi seminariyada təhsilini başa vurduqdan sonra Biləcəridəki onillik dəmiryol məktəbində oxuyur. 1928-ci ildə Bakının Zavokzalnı küçəsindəki rus məktəbinə dəyişilir. Buradan məzun olduqdan sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunur. Şairə “Bənövşələr üstündə göz yaşları” kitabında o günləri belə xatırlayır: “1929-cu ildə Ali Pedaqoji İnstitutun Ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil oldum. Sabit Rəhman, Cəfər Xəndan, Məmməd Rahim də burada oxuyurdular. Müəllimlərdən Ə.Nazim, Ə.Sultanlı, B.Çobanzadə yadımdadır. Əli Sultanlı Qərb, Əli Nazim isə proletar ədəbiyyatından dərs deyirdi...”
1928-ci ildə “Maarif və mədəniyyət” jurnalında çap etdirdiyi “Qadınların hürriyyəti” adlı şeirlə ədəbi aləmə gələn şairə Azərbaycan qadınının sosial vəziyyəti, məişətdə və cəmiyyətdə mövqeyi məsələsinə həssaslıqla yanaşırdı. “Bizim səsimiz”, “İlk bahar” adlı kitablarında yer alan “Qurtuluş”, “Zəhra”, “Qadın”, “Ayişənin anası” və s. şeirlərində cəmiyyətdə qadınlara qarşı ədalətsizliklərlə mübarizə ruhu hakimdir.
M.Dilbazi 1932-ci ildə ali təhsilini başa vurur və təyinatla Quba Partiya məktəbinə ədəbiyyat müəllimi təyin olunur. İki ildən sonra Bakıya qayıdan şairə “Şərq qadını” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlayır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Əlyazmalar fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışır.
II Dünya müharibəsi M.Dilbazinin yaradıcılığında mühüm yer tutur. Bir çox şairlərimiz kimi, o da yaradıcılığında bu mövzuya geniş yer ayırıb. Bu illərdə şairənin yeddi kitabı çap olunub. O, daha sonra “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə” adlı poemalarını qələmə alıb. Müharibə mövzusunda yazdığı şeirlərində ideya-məzmuna xüsusi yer ayıran müəllif forma əlvanlığına, obrazlı ifadəyə böyük səy göstərib.
Cənub mövzusuna həsr etdiyi şeirlərində isə sonsuz kədər, nisgil aparıcıdır. Bu şeirlərdə bənzətmələr insanın hiss və duyğularına hakim kəsilir. “Araz, niyə lal axırsan, Könül evin viran kimi?”, “Niyə dedin, orda təksən”, “A qürbətdə bitən çiçək, Körpə gözün niyə doldu?” kimi poetik ifadələr müəllifin könül dünyasının zənginliklərindən soraq verir. Duyğularının tərcümanı olan və həyat müşahidələrindən yoğurulan bu bədii nümunələr oxucular tərəfindən maraqla qarşılanıb. Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.
Görkəmli şairənin xalq, vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. O, “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsi üçün”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 1979-cu ildə “Xalq şairi” fəxri adına layiq görülüb.
Mirvarid Dilbazi 12 iyul 2001-ci ildə vəfat edib.
Savalan Fərəcov